Azərbaycan və Ermənistan XİN rəhbərləri videokonfrans formatında görüşdü

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər

Cari ilin 30 iyun tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.

AzNews.az xəbər verir ki, bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.