AMEA prezidenti: "Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm" AMEA prezidenti: "Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm"

Ramiz Mehdiyev açıqlama yaydı: "Dünən məni mədh edənlərin..."

AMEA prezidenti: "Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm"

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıqlama yayıb.

AzNews.az həmin açıqlamanı təqdim edir:

"Məlum olduğu kimi, mənim qız nəvəm Fidan Əliyevanın 18 avqust 2020-ci il tarixində Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilmişdir. Qeyd edim ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir. Təbii ki, aidiyyatı orqanların baş verənlərə münasibətdə tutduqları mövqe haqlıdır. Çünki, qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir. Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır. İnanmaq istəyirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq.

Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurmuşdur: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”.

Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!"

Mənbə: http://www.science.gov.az/news/open/14069?fbclid=IwAR1CBf-Bj4WnwC3N_R-1os73b9bvwLXRXhO2tWkYoCvdqPxaGZeOu3NH5BA