“Rus sülhməramlıları təhlükəsizliyə nəzarət edə bilmirlər”

"Belə məqamlar mütləq rusların qarşısına qoyulmalıdır"

"Erməni terrorist dəstələri hansı əsaslarla Azərbaycan ərazisinə keçiblər və nə üçün rus sülhməramlıları onlara əngəl törətməyiblər?”

“Düşünürəm ki, burada ikitərəfli nəzarət məsələsi mütləq gündəmə gətirilməlidir”

Dünən Qarabağa daha 218 erməni qaytarılıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi Qarabağla bağlı günlük hesabatında açıqlayıb. Hesabatda qeyd olunub ki, bütövlükdə 14 noyabrdan bəri Qarabağa rus sülhməramlılarının qaytardığı ermənilərin sayı 48 min 459 nəfərə çatıb. Rus sülhməramlıları ermənilərin İrəvandan təhlükəsiz gətirilməsi, yerləşdirilməsi, onlara humanitar yardım və mülki infrasturkturun bərpası ilə məşğuldurlar. İndiyədək Qarabağda ruslar 479,2 hektar sahəni, 182,8 km yolu, 710 evi minalardan təmizləyib.

Millət vəkili Asim Mollazadə bölgədəki proseslərlə bağlı danışarkən qeyd edib ki, rus sülhməramlılarının bölgədə yerləşməsinin əsas səbəbi guya Qarabağda erməni əhalisinin olmasıdır:

“Lakin onlar ermənilərin geri qaytarılmasında çox maraqlıdır. Rusiyalı hərbçilər guya bölgədə təhlükəsizliyi təmin etmək istəyirlər. Azərbaycan isə həmin erməniləri öz vətəndaşları kimi qəbul etməyə razıdır.

Dövlətimiz bunu hər zaman bəyan edib. Amma dəfələrlə diversantların bölgəyə keçib, terror aktı törətdiklərinin şahidi olmuşuq. Bu, onu göstərir ki, rus sülhməramlıları təhlükəsizliyə kifayət qədər nəzarət edə bilmirlər.

Ona görə də belə məqamlar mütləq rusların qarşısına qoyulmalıdır. Yəni erməni terrorist dəstələri hansı əsaslarla Azərbaycan ərazisinə keçiblər və nə üçün rus sülhməramlıları onlara əngəl törətməyiblər?

Düşünürəm ki, burada ikitərəfli nəzarət məsələsi mütləq gündəmə gətirilməlidir. Həmçinin erməni əsgərlərin Azərbaycan ərazisinə daxil olmasının qarşısını almaq üçün hər bir iş görülməlidir”. (Sherg.az)

AzNews.az