- Siyasi müzakirə
- 9 Fevral 2021 10:10
- 8 790
Bu halda Qarabağa iddialar yenidən baş qaldıracaq - ŞƏRH

Köçəryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür
“Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla münasibətlərə təsiri qaçılmazdır. Hazırda Azərbaycan, Rusiya və Ermənistan birgə üç tərəfli komissiyası çalışır. Bu komissiyanın işi sərhədlərin müəyyənləşməsi və nəqliyyat-kommunikasiyaların açılmasına hesablanıb”.
AzNews.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistanda çevriliş olarsa, Köçəryan hakimiyyəti zəbt edərsə, proseslər 180 dərəcə dəyişə bilər:
“İlk növbədə Azərbaycana qarşı münasibətlər kəskinləşərək Qarabağa iddialar yenidən baş qaldıracaq. Təbii ki, Rusiyada Ermənistanda Köçəryanın hakimiyyətə gəlməsində maraqlıdır. Məhz Köçəryanı ona görə təlimatlandırıb meydana göndəriblər ki, Ermənistanda siyasi vəziyyəti mürəkkəbləşdirsin, hərbi çevrilişə əl atılsın. “Rusiya ilə birlikdə güclü Ermənistan: Yeni ittifaq uğrunda” hərəkatın yaradılması Köçəryanın planıdır və xalq məhz buna görə ona dəstək verməyəcək”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, bu gün Azərbaycanla Ermənistanın üç tərəfli komissiyada iştirakı məhz Paşinyanın istəyi ilə reallaşıb:
“Məhz Paşinyanın əsas hədəfi Ermənistanı blokadadan çıxarmaqdır. Həmçinin Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlı deyil. ABŞ prezidenti Baydenin Ermənistana diqqət artıracağı, Rusiyanın bu ölkədə mövqeyinin zəifləməsi istiqamətində Paşinyana ciddi dəstək verəcək. Ona görə də Rusiya bu proseslərdən narahatdır və Köçəryan vasitəsi ilə Ermənistandan da siyasi porsesləri nəzarət altına almağa çalışır. Rusiya maksimum çalışacaq ki, Köçəryan vasitəsilə müxalifəti toparlasın və parlament seçkilərində ciddi iğtişaşa gətirib çıxaracaq bir xaos formalaşdırsın. Hazırda Köçəryanın əsas missiyası Ermənistanda siyasi vəziyyəti mürəkkəbləşdirmək, Azərbaycanla yeni problemə getmək, Rusiyanın maraqlarını tam regionda bərpa etməkdir. Köçəryanın bu planın qarşısının alınması istiqamətində Nikol Paşinyan ABŞ -ın dəstəyini almağa çalışacaq və apreldən Paşinyan müxalifəti zərərləşdirmək üçün yeni mitinqlərə başlayacaq. Köçəryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür, amma ölkədə hərbi çevrilişə əl atmağa çalışacaq”.
Səidə
AzNews.az .