"Onlar prosesləri dərindən analiz etmir və isterika dolu davranışlar sərgiləyirlər" "Onlar prosesləri dərindən analiz etmir və isterika dolu davranışlar sərgiləyirlər"

Radikal müxalifətin əhəmiyyətsiz iddiaları - Müharibə isə çoxdan bitib!

"Onlar prosesləri dərindən analiz etmir və isterika dolu davranışlar sərgiləyirlər"

Azərbaycan radikal müxalifətinin 30 illik məğlubiyyətinin və bu illər ərzində xalqdan heç bir dəstək ala bilməməsinin ən əsas səbəblərindən biri onların bu illər ərzində Prezident İlham Əliyevi ciddiyə almaması idi. Elə ermənilər də belə düşünürdü və İ.Əliyevin müharibə edə biləcəyinə inanmırdılar. Əgər radikal müxalifət illərini İ.Əliyev haqqında böhtan yağdırmağa sərf etməsəydi, bəlkə də indi ölkədə normal müxalifət mətbəxi formalaşardı. Yaxud ermənilər İ.Əliyevin “İstənilən yolla biz öz torpaqlarımızı azad edəcəyik” bəyanatlarını ciddi təhlil etsəydilər, Ermənistan uzun illər blokada qalmaz və bu gün rüsvayçı məğlubiyyətə düçar olmazdı. Siyasət pafosu sevmir, praqmatik yanaşma həll edir. Pafos meydanlarda gurlayır, indi isə dünya dəyişib, meydanlarda, küçələrdə azğın kütlələr yox, ağıllı insanlar böyük və qlobal masalarda döyüşürlər.

1992-1993-cü illərdə işğal edilən Azərbaycan torpaqlarının siyasi və hüquqi məsuliyyətini kimin daşıyacağı dərin və praqmatik münasibət tələb etmir. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə ermənilər nəfəslik əldə etdi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaranıb. Bu zaman Azərbaycanın prezidenti Əbülfəz Elçibəy idi.

Təkcə Kəlbəcərdən 70 minə yaxın insanın öz yurdundan didərgin düşməsi “xalq hərəkatçıları” adı altında cəbhəçilərin hələ 1988-1991-ci illərdə buraxdığı səhvlərlə bağlıdır.

A.Mütəllibovun vaxtında Xocalının, Y.Məmmədovun prezident vəzifəsini icra etdiyi zaman Şuşanın, ardınca Laçının işğalı da AXC-Müsavat cütlüyünün Azərbaycanda qanunsuz davranışları, ölkdə yaratdıqları xaosla bağlı idi. Elçibəy başa düşürdü ki, A.Mütəllibovun ailə üzvləri ilə təhdid olunması Xocalı faciəsi ilə nəticələnəcək. Amma o, buna getdi. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlının işğalı da AXC-Müsavat cütlüyünün qarşısıalınmaz mirası kimi həyata keçirildi.

Radikallar əvvəl nə istəyirdilər?

Birincis nüans - Vətən müharibəsindən əvvəl radikal müxalifətin Prezident İlhamı Əliyevi tənqidinin əsasında Qarabağ amili dayanırdı. İ.Əliyevin Qarabağı nə üçün azad etməməsi, müharibəyə başlamaması radikal müxalifətin istifadə etdiyi əsas “kart” və “kompromat” idi. Onlar inanırdılar ki, hakimiyyətdə olduqları zaman itirilən bu torpaqları geri qaytarmaq qeyri-mümkündür. İ.Əliyev onların bu inamlarını da qırdı. İllərlə xalqa “Azərbaycan hakimiyyəti Qarabağı azad edə bilməz” tezisləri ilə yalan üfürən radikallar 44 gün ərzində üfürməyə başqa bir yalan tapa bilmədilər. Prezidentin ildırımsürətli döyüş taktikası təkcə erməniləri diz çökdürmədi, elə daxili bədxah qüvvələrin də ənənəvi resurslarını alt-üst etmiş oldu. Amma...

İkincis nüans - radikal müxalifət iddia edir ki, müharibə bitməyib. Özü də bu iddia ilə təkcə cəbhəçilər çıxış eləmir, Ermənistanda revanşist qüvvələri və Qərbdə erməni pulu ilə Azərbaycana qarşı hədyanlar yağdıran mühacirləri də bu tezis birləşdirir: “Müharibə bitməyib”. Müharibənin ilk günlərində radikallar və mühacirlər sosial media hesablarından İ.Əliyevin heç bir nəticə əldə edə bilməyəcəyini, məğlub olacağımızı xalqa inandırmağa çalışırdılar. Olmadı! Müharibə bitib və Qarabağda heç vaxt müharibə olmayacaq. Şəksiz, anti-terror əməliyyatlarını keçirmək hər an bizim üçün aktualdır. Çünki Xankəndidə, Şuşanın işğalda qalan bəzi kəndlərində, Xocalıda və digər ərazilərimizdə hələ də erməni terrorçuları oturub. Amma müharibə olmayacaq.

Xankəndidə isə suverenliyimizin bərpası iki şəkildə baş tutacaq: birincisi, müflis durumda olan Ermənistan orada bütün sosial resurslardan məhrum olacaq, əhali Azərbyacan pasportları ilə yaşamaq istəyini ifadə edəcək. Və biz bir addımlıqdayıq... Ardınca isə antiterror əməliyyatları... Bəli, müharibədən öncə Şuşanın azad edilməsi də bu iddiadan daha qorxunc və gülməli görünürdü. Amma nəticə ortadadır.

Azərbaycan Qarabağın bərpasına milyonlarına vəsait xərcləməkdədir. Əgər İ.Əliyev ermənilərin revanşist qüvvələrinin nəsə əldə edə biləcəyinə inansaydı, regionda quruculuq işləri belə tez başlamazdı. Ermənistan tezliklə Xankəndidəki mövcudluğunu itirəcək.

Üçüncü nüans - Radikalların əsas məqsədi 44 günlük Vətən müharibəsi zamanı əldə olunan qələbənin etibarsızlaşdırılması, gözdən salınmasıdır. Hədəfləri isə yenə də Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Analiz etsək, görərik ki, Ermənistanda Daşnaksütyun partiyasının mövqeyi ilə bizim radikal müxalifətin mövqeyi üst-üstə düşür. Hər ikisi təmsil olunduqları xalqı bu şəkildə aldatmağa çalışır: “Azərbaycan qələbə qazanmayıb”. Əcəba, işğaldan azad edilən ucsuz-bucaqsız kəndlər, rayonlar kimin nəzarətindədir!? Bəs xalq necə, bunlara inanırmı? Məncə, bu da gün kimi aydındır.

Dördüncü nüans – Radikal müxalifət bəyan edir ki, ermənilər “Arsaxın müstəqillik günü”nü qeyd edirlər. 2 sentyabrdan söhbət gedir. Diqqət edək! Müharibəyə qədər Ermənistan rəhbərliyi Qarabağa səfər edər, təm-təraq düzəldər, az qala ermənilərin “ümumbəşəri” bayramı kimi 2 sentyabrı “Arsaxın müstəqilliyi günü” kimi qeyd edərdilər. Bəs bu il nə baş verdi? Ermənistanda rəhbərliyi Xankəndinə gəlmədi, gəlməyə iradəsi və cəsarəti çatmadı, eləcə də xarici qonaqlar bundan çəkindilər. Yalnız Ermənistan müxalifətinin bəzi nümayəndələrinin iştirakı ilə 2 sentyabr hüzn günü kimi “qeyd olundu”. Məgər bu sizi qane etmir? Etmirsə, o zaman erməni KİV-lərindən oxuyun, görün “Arsaxın müstəqilliyi” qalıbmı? Ermənistan rəhbərliyinin özünün inanmadığı nağıllara inamaq bizim radikalların köhnə şakəridir.

Beşinci nüans - Rusiya Müdafiə nazirliyinin saytında yanlış ifadə yer almışdı. Bu, böyük səhv idi və Rusiyanın sülhməramlı missiyasını birbaşa kölgə altına alırdı. Azərbaycan radikal müxalifətinin "başbilənləri" bunu elə qələmə verdilər ki, sanki Azərbaycan Dağlıq Qarabağı birdəfəlik itirib. Həmin ifadə saytdan çıxarıldı, radikalların yersiz hay-həşirləri isə özlərinə qaldı. Anlamırlar ki, regionda böyük bir proses gedir və Azərbaycan bu proseslərin əsas nüvəsini təşkil edir. Rusiya saytında ərazilərimizin adının təhrif olunması təxribatdır, ancaq Azərbaycan üçün real və praktiki təhlükə vəd etmir. Rusiyanın cəsarəti çatırdısa, bu ifadəni saxlayardı. Saxlaya bilmədi.

Əsas məsələ - Sülhməramlıların mandatının müəyyənləşdirilməsindən sonra Rusiyanın davranışları daha da çərçivəyə salınmış olacaq. Çünki bundan sonra təkcə 10 noyabr sazişi yox, qəbul edilmiş Azərbaycanq qanunları əsas götürüləcək. Bu, həm də gələcəkdə sülhməramlı missiyası başa çatmalı olan Rusiyanın Qarabağdan çıxarılmasını təmin etmiş olacaq. Təsadüfi deyil ki, mandatın müəyyənləşdirilməsinə qarşı çıxan rusmeylli qüvvələr də aktivləşiblər. Elə Rusiyanın sülhməramlı qüvvələrin komandirini dəyişib Mixail Kosobokovu bu vəzifəyə təyin etməsi də təsadüf deyil. Rusiya Azərbaycanın haqlı addımlarının miqyasını anlamaqda çətinlik çəkmir.

Digər tərəfdən, Türkiyə-Azərbaycan hərbçilərinin tarixdə ilk dəfə quruda, suda və havada birgə hərbi təlimləri ciddi mesajlardır. Laçın dəhlizindən söhbət gedir.

Diqqət ediriksə, radikal müxalifət siyasi kanyuktura yolunu tutmağa üstünlük verib, onlar prosesləri dərindən analiz etmir və isterika dolu davranışlar sərgiləyirlər.

Samir Feyruzov

Azsiyaset.com