İctimai-siyasi xadimlərdən sərt etirazlar İctimai-siyasi xadimlərdən sərt etirazlar

London vandalları kimə xidmət edir: Mehdiyə, yoxsa Vazgenə? - İLKİN VERSİYALAR

İctimai-siyasi xadimlərdən sərt etirazlar

Xəbər verdiyimiz ki, 4 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

XİN-dən verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

AzNews.az xəbər verir ki, vandalizm aktının məsuliyyətini özünü "Mehdinin bəndələri" adlandıran və Londanda fəaliyyət göstərən radikal şiə təşkilatı öz üzərinə götürüb.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu təşkilatla bağlı ilkin araşdırma aparıb.

Baş redaktor yazır:

"Mehdinin xidmətçiləri birliyi'' hansı məzhəbə xidmət edir və bizimlə nə problemi var?

Səfirliyimizə hücum edənlər "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə Küveytlidir, Londonda yaşayır.

İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ''London şiələri'' adlandırır.

Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir.

Onu da qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.

Bu, radikal qrupun ilk belə həmləsi deyil.

2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.

Belə bir qruplaşmanın Azərbaycan səfirliyindən nə istəməsi və oranı nəyə görə işğal etməsi ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin məndə müəyyən ehtimallar var".

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, özünü "şiə" kimi təqdim edən bir dəstə dinsizin Azərbaycanın Londondakı səfirliyinə basqınıını hansı dövlətin təşkil etdiyi sirr olmamalıdır:

"Görünür, Azərbaycanın bütün torpaqları üzərində suverenliyini tam təmin etmək əzmi və dünənki antiterror əməliyyatı, illərdir Qarabağdakı separatçı ünsürlərə açıq və gizli dəstək verən lənətə gəlmişlərin qəti ürəyindən deyil. Onlar bu yolla da Ermənistanın yanında olduqlarını göstərməyə çalışırlar. Amma həmən dinsiz qrup Londondakı səfirliyimizdən necə rədd edildilərsə, Ermənistanın Qarabağdakı silahlı birləşmələri də o cür torpaqlarımızdan süprülüb çıxarılacaqlar. Azərbaycanda seperatçı ünsürlərə yer olmadığı kimi məzhəb ayrı-seçkiliyi yayanlara da yer yoxdur. Sonuncuların təsiri altında olanlar da nəhayət ayılıb onların əsl sifətlərini görməli, haylarla sinxron çalışdıqlarını anlamalıdırlar".

REAL partiyasının funksioneri Natiq Cəfərli də hadisə ilə bağlı açıqlama yayıb. Natiq Cəfərli deyir:

Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır, amma bu mənfur cinayətin bir neçə məqsədi var:

1) Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər,

2) Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın,

3) Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirəməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir,

4) Bu hadisəni edənlər ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, "tezalışandır", provokasiyalara getməməliyik,

5) Bu hadisə Cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər".

İctimai xadim Osman Gündüz:

Londonda dini radikalların Azərbaycan səfirliyini ələ keçirməsi çox ciddi məsələdir.

Maraqlıdır ki, səfirliyimizə hücuma görə məsuliyyəti üzərinə götürən Mehdi Xidmətçiləri Birliyi görəsən bunu hansı məqsədlə edib ?

Qabaqcadan bu haqda Londonun xüsusi xidmətlərində məlumat olubmu?

Hücum zamanı xüsusi nərdivanlardan, alətlərdən istifadə olunması, London kimi dünyanın ən çox kameralaşmış şəhərində belə hücum aktının baş verməsi çox düşündürücüdür.

Dünyanın ən güclü xüsusi xidməti olan bir ölkədə qabaqcadan hazırlığı şübhə doğurmayan bir hücumla səfirliyin işğalına imkan verilməsi çox maraqlı və düşündürücüdür.

Bu hadisənin həm də Qarabağda, Zəngəzurda separatçılara qarşı aparılan uğurğlu anti-terror əməliyyatlardan sonra , bəzi ərazilərimizin işğaldan azad olunduğu bir zamanda baş verməsi də diqqət çəkəndir.

Hiss olunur ki, sıradan bir etiraz, adi bir etiraz aksiyası deyil.

Dövlətimizə və Bayrağımıza qarşı aqressivlik də diqqət çəkən bir vəziyyət idi.

Düşünürəm ki , hökumətimiz bu vandalizm aktına, onun təşkilatçılarının müəyyənləşməsinə , baş verənlərin mahiyyətinin üzə çıxarılmasına çox ciddi yanaşmalıdır.

AzNews.az