Adil Qeybulla: "Qubad İbadoğlu layk hörgütünün quyruğunda sürünür" - İSTEFA

Tanınmış həkim, professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verdiyini bəyan edib.

A.Qeybulla bununla bağlı bəyanat verib.

A.Qeybulla bildirib ki, 2014-cü ildə Müsavat Partiyasının qurultayı zamanı Başqan seçkilərindəki təlatümlərdən sonra mərhum dostum Vurğun Əyyubun rəhbərliyi ilə sonrakı dönəmdə ictimai-siyasi fəaliyyəti davam etdirmək məqsədilə bir qrup şəxs tərəfindən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıblar. Vurğun bəyin tövsiyəsi ilə, ümumi razılıq əsasında Hərəkatın sədri vəzifəsinə Qubad İbadoğlu irəli sürüldü. Bir müddət Vurğun Əyyubun nüfuzu fonunda Hərəkatın strukturları quruldu, təşkilat qısa müddət ərzində nüfuz qazandı, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçə bildi. Qeyd edim ki, Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu.

“Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Partiya strukturları formalaşan zaman onlayn partiya sədri seçilən Qubad bəy Partiyanın Məclis sədri vəzifəsini də əlində saxladı. Təsəvvür edin, demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur, təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”.

A.Qeybulla bildirib ki, bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoydu və beləliklə, partiyada qeybət mədəniyyətinin, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kompaniyasına start verildi. Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi. Antik dövrlərin mumiyalarını xatırladan vücudların bayraq statusunu ala bilməyən ağ parçanın fonunda poz verərək apardığı müdəllidlik kampaniyalarının kompozisiyaları da bunu bir daha sübut edir.

“Siyasi partiyalar haqda məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz. Azərbaycanın müstəqillik tarixində misli görünməyən bu insident bir daha göstərdi ki, demokratiya və hüquq uğrunda mübarizə bəziləri üçün fenotipik mənzərədir, onun mahiyyətə hopmasına isə hələ uzun bir yol vardır, təəssüf ki… Siyasi inkontinensiya mərəzindən əziyyət çəkən layk hörgütünün quyruğunda sürünən, qeybdən səda gözləyən qırılmış ümidlərə isə bizim Qalaktikadan salamlar olsun!

Bir sözlə, bu cür təşkilatda fəaliyyətimi bitmiş hesab edirəm və istefa verdiyimi bəyan edirəm”.