Laçın SNBM-də erməni terrorçuların həbs edilməsi xunta başçısını qorxuya salıb - Ekspert

"Əslində Araik Arutyunyanın istefası ilə bağlı uzun müddətdir müzakirələr gedirdi. Bu istefanın indiki məqamda olması o qədər də təəccüblü deyil. Bunun bir sıra əsas səbəbləri var. Qondarma respublikada başa düşürdülər ki, Azərbaycan öz diplomatik prioritetləri ambisiyaları uğrunda ciddi addımlar atmaqdadır və onlar başa düşürlər ki, qaçış yolu yoxdur. Artıq nəinki qondarma respublika, ümumiyyətlə Ermənistan hərbi siyasi hakimiyyəti də mövcud reallıqları və Azərbaycanın diktə etdiyi reallıqları dəyişə bilməz".

Bu sözləri AzNews.az-a siyasi şərhçi Kənan Novruzov Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verməsi ilə bağlı açıqlamasında bildirib.

"Xüsusilə son vaxtlar Laçın sərhəd keçid məntəqəsində erməni terrorçu Vaqif Xaçaturyanın və Azərbaycan bayrağını təhqir edən üç cinayətkarın tutulması, şübhəsiz ki, qondarma respublikadakıları daha çox qorxuya saldı. Artıq başa düşürlər ki, onlar da nə vaxtsa Azərbaycan qanunvericiliyi qarşısında cavab verməli olacaqlar. Bu mənada Arutyunyanın istefa verməsinin bir səbəbi əslində bir növ özünü kənara çəkməkdir. O deməkdir ki, mən artıq proseslərdə iştirak etmirəm".

K. Novruzov onu da əlavə edib ki, o bununla bir növ sanki günahsız imici yaratmaq istəyir.

"Hərçənd ki, bu, keçərli deyil. Mən əminəm ki, ən yaxın zamanda Arutunyan da Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcək. Bunun çıxış yolu yoxdur. Ümumiyyətlə, bu reallığı dəyişə bilməz. O başa düşür ki, Azərbaycan Xankəndidə, Xocalıda, Ağdərədə də öz suverenliyini bərpa edəcək. Bu səbəbdən indidən istefa verib siyasi səhnədən getdi. Bundan sonra nəsə dəyişə bilərmi? Ciddi bir şey dəyişəcəyinə inanmıram. Yəni o getdi, bir başqası gələcək".

Ayan Rzayeva

Close menu