Zəfər bayramlarımızı bundan sonra da qürurla qeyd edəcəyik - Tahir Rzayev

“Bu Zəfər Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, ordumuzun şücaətinin və xalqımızın birliyinin təntənəsidir. Bu günü biz illərlə gözləmişik, öz yurdlarından qaçqın olan insanlar, Azərbaycan xalqı bu zəfərin həsrəti ilə uzun illər qovrulub. Ümidini dövlət rəhbərimizə, müzəffər ordumuza bağlayıb və xalq haqq səsinin qalib gələcəyinə ümidlər bəsləyib. Əlbəttə ki, bu zəfər uğrunda canını qurban verən şəhidlərimizin sayəsində bu günü səbrsizliklə gözləyən xalqın arzuları çin oldu”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Zəfər günü ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

O, 8 noyabrın Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılan bir səhifə olduğunu deyib.

“30 ildən çox əzab-əziyyət çəkən bir xalq uzun illər bu torpaqların azadlığı uğrunda mübarizə aparan öz səsini mötəbər tribunalarda ucaldan Azərbaycan prezidentinin əməllərinin həqiqətə qovuşduğu gözəl bir gündür. Biz bu günün qalibiyyəti üçün şəhidlər vermişik. İndi onların ruhu şaddır, qazilərimiz sevinc içindədir. Dədə-baba yurdlarından uzun illər uzaq düşən insanlarımız öz ocaqlarına geri qayıdırlar. Artıq Şuşa, Zəngilan, Füzuli, Laçın, Ağdamda möhtəşəm quruculuq işləri görülür. Zəfərin uğurları Azərbaycan xalqını yeni qələbələrə və quruculuq işlərinə səfərbər edib. Bu gün işğal azad olunmuş ərazilərimizdə çox gözəl bərpa, yenidənqurma işləri həyata keçirilir. Ərazilərdə salınan yollar, tikilən məktəblər, xəstəxanalar, istifadəyə verilən beynəlxalq əhəmiyyətli hava limanları və digərləri deməyə əsas verir ki, yenidənqurma işləri sürətlə artmağa davam edir. Cənab prezidentin dediyi kimi, bu yerlər cənnətə çevriləcəkdir. 44 günlük müharibə, 23 saatlıq anti-terror tədbirləri Azərbaycan xalqının qələbə şüarlarını həqiqətə çevirib. Artır rayonlarımız işğaldan azaddır. Azərbaycan bütün ərazilərdə suverenliyini təmin edib”.

Deputat bildirib ki, Zəfər günümüzdən xoşbəxt gün ola bilməz. Hər bir Azərbaycanlı fəxarətli hisslər keçirir.

“Bir neçə il əvvəl bizə əlçatmaz kimi görünən problemlər bu gün həqiqətə çevrilib. İşğaldan azad edilmiş ərazilərimizdə ağaclar, çaylar, çiçəklər bu gün nəğmə oxuyur. Öz qoynuna sakinlərini çağırır. Bu qələbəyə türk dünyası da ürəkdən sevinir. Həmin günlərdə bizimlə bərabər olan dövlətlərdə bizə dəstək verdilər. Bir xalq olaraq arxamızda türk qardaşlarımızın dəstəyini hiss etdik. Qürur hissi keçiririk ki, bir neçə ay bundan əvvəl torpaqlarımızı işğal atında saxlayan separatçılar indi məhv edilmişdirlər. Ermənistan və onun havadarları bir şeyi dərk etməlidir ki, Azərbaycan dövləti qüdrətlidir. Bu gün Azərbaycanın iqtisadiyyatının gücü, beynəlxalq sferada qazandığı nailiyyətlər və nüfuzu onu göstərir ki, biz zəfər bayramlarımızı bundan sonra da qürurla qeyd edəcəyik. Xankəndində keçirilən hərbi paradlar dünyaya bir daha göstərəcəkdir ki, Azərbaycanla mübarizə aparmaq mümkün deyil”.

Tahir Rzayev sonda hər kəsi Zəfər bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" sahəsi üzrə hazrılanmışdır.