Qərbin Ermənistan üzərindən Rusiyaya verilən mesajı

“Rusiya və Ermənistan arasında münasibətlər artıq bir ildən çoxdur, hətta deyərdim iki ilə yaxındır gərginləşən xətt üzrə davam edir. İndi Ermənistanın belə addım atması, əslində mən düşünürəm ki, Qərb tərəfindən Ermənistanı təhrik etməklə, əslində Rusiyanın Ermənistanı sıxışdırmaq cəhdi kimi dəyərləndirilə bilər. Ermənistan nümayəndə heyəti niyə məhz Buçaya gedib? Müharibənin ilk vaxtlarında Rusiya tərəfindən törədilən qətliam, beynəlxalq birlik tərəfindən elə Putinə qarşı da beynəlxalq məhkəmədə cinayət işinin açılması da məhz bu Buçayla daha çox bağlıdır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O bildirib ki, Ermənistan nümayəndə heyətinin Buça şəhərinə göndərilməsi əslində bir növ Qərb tərəfinin Ermənistan üzərindən Rusiyaya verilən mesajı kimi dəyərləndirilə bilər:

“Rusiya təbii ki, etiraz edib. Amma mən düşünmürəm ki, əgər Qərb bu foruma dəstək veribsə, Ermənistan geriyə addım atsın. Artıq ora səfər edibsə, bu o deməkdir ki, bu münasibətlər kəskinləşən xətt üzrə davam edəcək. Mən artıq Rusiya Ermənistan münasibətlərində gərginliyin daha yuxarı zirvəyə qalxmağını gözləyirəm. Çünki nə Ermənistan tərəfi Rusiyanı qəbul etmək istəmir. Artıq bu prosesi sürətləndirirlər. Nə də Rusiya Ermənistanı Qərbə vermək istəmir. Gərginlik getdikcə artır. Düşünürəm ki, gedən bu proseslər onu göstərir ki, Ermənistanı Rusiya ilə qarşı-qarşıya gətirmək cəhdi və yaxud da ki, Ermənistanın Qərbə söz verdiyi prosesləri həyata keçirmək istəyindən irəli gəlir. Hər vəziyyətdə münasibətlərdə artan gərginlik davam edir. Bundan sonra da bu prosesin davam edəcəyi gözləntisi müşahidə edilir”.

Rəfiqə NAMAZƏLİYEVA