Şəhla Cəlilzadə: “Sabitlik üçün əməkdaşlıq formatları genişlənməlidir”

“Kostanyan Vaşinqton razılaşması əsasında, “Tramp Yolu” adı altında Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın bəyan olunan narahatlıqlarını aradan qaldırmaq üçün İRNA-ya müsahibə verib. Müsahibə zamanı o, regional kommunikasiyaların İranın daima tələb etdiyi formada – suverenliyin qorunması ilə açılacağını, burada ABŞ-ın sadəcə iqtisadi maraqlarının olduğu və heç bir hərbi iştirakdan söz getmədiyini, həmçinin təhlükəsizliyin Ermənistan tərəfindən təmin olunacağını bəyan edib. Onun çıxışında ən diqqətçəkən məqam isə İranın yaradılacaq infrastrukturdan faydalanaraq Rusiyaya və Qara Dənizə rahat çıxış əldə edə biləcəyi ilə bağlıdır. Başqa ifadə ilə, Ermənistan rəsmisinin bu çıxışı İrandan “qırmızı xətt” ritorikası altında gələ biləcək təhlükələri aradan qaldırmağa xidmət edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan 3+3 formatlı görüşün Bakıda və ya İrəvanda keçirilməsinin planlaşdırıldığını bildirib. O, Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb.

Siyasi şərhçi bildirib ki, İran regional layihələrdə region ölkələrinin iştirakında maraqlıdır.

“Elə bunu nəzərə alaraq, Kostanyan həmçinin 3+3 formatında görüşün Bakıda və ya İrəvanda keçiriləcəyini bəyan edib. Bunu hələ may ayında Rusiyanın səfiri də bəyan etmişdi. Belə ki, apreldə 3 Qafqaz ölkəsinin xarici işlər naziri tarixi görüş keçirmişdi. Bu, regional sülh və əməkdaşlıq üçün atılan ilk unikal addım idi. Lakin Rusiyanın iştirak etdiyi 3+3 formatında görüşlərdə Gürcüstan indiyədək yer almayıb. Rusiya–Gürcüstan arasında son dövrlər iqtisadi münasibətlər artmaqda davam edir, neft-qaz alış-satışı bərpa olunub, turist axını artıb, humanitar layihələr həyata keçirilir. Lakin Gürcüstanın işğal olunmuş 2 ərazisi ilə bağlı məsələ həll olmadığı üçün, Gürcüstanla Rusiya diplomatik münasibətlərini hələ ki, bərpa etməyib. Odur ki, formatın tam anlamıyla gerçəkləşib-gerçəkləşməməsi sual olaraq qalır. Rusiya Cənubi Qafqazla yeni münasibətlər erasına qədəm qoymaq və buradakı varlığını qorumaq istəyirsə, işğal və hərbi-iqtisadi təzyiq siyasəti deyil, iqtisadi-siyasi əməkdaşlığa fokuslana bilər. Bu məqsədlə, Rusiyanın atmalı olduğu addımlar – Azərbaycanla təyyarə qəzasına görə məsuliyyət üstlənmək, Gürcüstan ərazilərinin işğalını sonlandırmaq, imperiya təfəkküründən imtina edərək region ölkələri ilə bərabərhüquqlu münasibətləri qəbul etməkdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az