Zeynal Əmrəliyev: “Rusiya hərbçiləri Ermənistanın suverenliyinə təhdid vasitəsinə çevrilib”

“Aleksey Fadeyevin açıqlaması əslində Ermənistana ünvanlanmış bir bəyanatdır. Çünki Rusiya hərbçiləri Azərbaycanda deyil, Ermənistan ərazisində yerləşir və Ermənistanın İranla sərhədlərini qoruyurlar. Faktiki olaraq, Rusiyanın rəsmisi Ermənistan tərəfinə mesaj göndərir ki, Zəngəzur dəhlizinin çəkilməsi və bu dəhlizin başqa bir razılaşma əsasında onun Ermənistandan keçən hissəsinin ABŞ şirkətinə verilməsi nəzərə alınsın. Yəni, Ermənistan tərəfinə açıq şəkildə bildirilir ki, burada Rusiya hərbçiləri mövcuddur. Əslində, Rusiya hərbçilərinin orada olması Ermənistan hökuməti ilə razılaşdırılmış bir məsələdir və beynəlxalq hüquq bunu tələb edir. Mövcud razılaşmalarda da qeyd olunur ki, Rusiya ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq Ermənistanın dövlət müstəqilliyi və suverenliyinə təhdid yaratmamalıdır. Ancaq biz nəyə şahid oluruq? Rusiya tərəfi bu razılaşmanı pozaraq, Ermənistanın ərazisindəki hərbçilərindən Ermənistanın müstəqilliyi və suverenliyinə təhdid vasitəsi kimi istifadə edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev Zəngəzurdan keçən kommunikasiya xətlərinin bərpası zamanı bölgədəki rus sərhədçilərinin mövcudluğunun nəzərə alınmasının vacib olduğunu vurğulayıb. O, bu barədə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış üçtərəfli bəyanatı şərh edərkən danışıb. Fadeyev bildirib ki, Rusiya 2020–2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaları hələ də aktual hesab edir.

Siyasi şərhçi qeyd edib ki, bu, açıq şəkildə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavininin söylədiyi fikirlərdə əks olunur və Ermənistanın dövlət müstəqilliyi üçün birbaşa təhdid xarakteri daşıyır.

“Açıq şəkildə ifadə olunur ki, əgər Rusiyanın maraqlarına zidd hər hansı bir hal baş verərsə, Rusiya hərbçiləri hərəkətə keçəcək. Bu, tamamilə yanlış siyasətdir və faktiki olaraq həm Rusiyanın Ermənistandakı maraqlarını, həm də Ermənistanın öz dövlət maraqlarını təhlükə altına atır. Düşünürəm ki, Ermənistandan Rusiya hərbçilərinin çıxarılması ilə bağlı gündəmə gətirilən məsələlər də bununla bağlıdır. Artıq bu amil göstərir ki, Ermənistanda Rusiya hərbçilərinin qalması rəsmi İrəvan üçün ciddi təhdiddir. Ermənistan hökuməti getdikcə Rusiya ilə münasibətlərdə, xüsusən də Rusiya hərbçilərinin ölkədən çıxarılması məsələsində daha ciddi mövqe tutmalıdır. Çünki bu vəziyyət açıq şəkildə təhdid xarakteri almaqdadır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az