- Siyasi müzakirə
- 19:42
- 2 426
Tramp–Putin görüşü qlobal siyasətdə yeni dəyişikliklərə yol aça bilər – Əli Mustafayev

“Tramp–Putin görüşü sanki dünyanı bir mərkəzə topladı. Bir çox dövlət başçıları bir-birilə əlaqə saxlayır, müxtəlif mövzular müzakirə olunur. Rəsmi açıqlamalar verilməsə də, müşahidələr göstərir ki, bu görüş beynəlxalq münasibətlər sisteminə müəyyən dəyişikliklər gətirə bilər. Bu, bir sıra dövlət rəhbərlərində narahatlıq doğurur. Məsələn, dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri, NATO baş katibi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər həm Putin, həm də Zelenski ilə telefon danışıqları aparıb. Digər ölkə rəhbərləri də paralel olaraq əlaqə saxlayırlar. Bütün bunlar belə bir təəssürat yaradır ki, Tramp və Putin yaxın vaxtlarda yenidən görüşə bilər və bu görüş qlobal düzəndə mühüm dəyişikliklərə səbəb ola bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Alyaskada ABŞ və Rusiya liderləri arasında gözlənilən görüş barədə müzakirələr aparıb. Bundan əvvəl o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefonla danışaraq, Türkiyənin münaqişənin həlli istiqamətində keçiriləcək gələcək görüşlərə ev sahibliyi edə biləcəyini bildirib. İstanbulda daha əvvəl Zelenski, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında belə bir görüş planlaşdırılsa da, reallaşmayıb.
Siyasi şərhçi bildirib ki, Ərdoğan uzun müddətdir Putin və Trampı bir masa arxasına toplamağa çalışır və eyni zamanda Zelenskini də bu formata qoşmağı təklif edir.
“Zelenski də bu təklifə müsbət yanaşır. Lakin Rusiya Prezidenti razılıq vermədiyi üçün İstanbulda planlaşdırılan bu dördtərəfli görüş hələ baş tutmayıb. İstanbul, Türkiyə, Ukrayna və Rusiya arasında mövcud gərginliyin azaldılması istiqamətində mühüm platforma rolunu oynayır. Türkiyə ilk gündən sülh təşəbbüslərinin önündə olub və bu baxımdan görüşün məhz Türkiyədə keçirilməsi ən məntiqli variant hesab olunur. Bu, həm də Türkiyənin vasitəçilik missiyasını legitimləşdirir. Bununla yanaşı, Tramp görüş üçün Alyaskanı da təklif edib. Alyaska vaxtilə Rusiyaya məxsus olub, hazırda isə ABŞ-ın ərazisidir və Şimal qütbünə yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyır. Ola bilər ki, Şimal qütbü ilə bağlı məsələlər də bu müzakirələrin gündəliyinə daxil edilsin. Dünya birliyi bu görüşü uzun müddətdir gözləyir. ABŞ-da belə, Konqres və Senatda görüşün keçirilməsini istəməyənlər çoxdur. Bəzi siyasətçilər düşünür ki, belə bir görüş Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində mühüm razılaşmalara gətirib çıxara bilər. Digərləri isə hesab edir ki, görüş yeni geosiyasi paradigmaların yaranmasına səbəb ola bilər. İstanbul platforması hələ də qüvvədədir və tərəflər arasında danışıqlar davam edir. İstisna deyil ki, növbəti mərhələdə Ərdoğan və Zelenskinin iştirakı ilə daha geniş formatlı görüş baş tutsun”.
Rəfiqə Namazəliyeva,
AzNews.az