“Kilsə vasitəsilə Paşinyanı devirmək planları reallaşdırılır” – Aytən Qurbanova

“Ermənistanda kilsənin rolunun artması və onun siyasi aktivliyinin müşahidə edilməsi məqsədəuyğun addımlar kimi qiymətləndirilir. Eyni zamanda burada həm daxili radikal revansist düşüncəli qruplaşmaların, həm də xarici siyasi dairələrin maraqları özünü göstərir. Onların əsas məqsədi Azərbaycan-Ermənistan regionunda davam edən normallaşma prosesinə müdaxilə etmək, Paşinyanı devirmək və daha radikal düşüncəyə sahib siyasi dairələrin hakimiyyətə gəlməsini təmin etməkdir. İlk etirazlar bunun başlanğıc nöqtəsi oldu. Azərbaycan-Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində dörd kəndin geri qaytarılması geniş etirazlarla qarşılandı və revansist ruhiyyəli qruplaşmalar arasında dəstək qazandı. Bu, Paşinyana qarşı ciddi təhdidlərdən biri kimi nəzərə alınırdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, son illərdə bəzi ölkələrdə, o cümlədən Ermənistanda, dini qurumların siyasi məqsədlər üçün istifadə olunması halları artıb. Bu isə həm ölkə daxilində sabitliyi təhdid edir, həm də region ölkələri arasında münasibətlərin yaxşılaşmasına əngəl olur. Ermənistan mediası xəbər verir ki, İrəvanda məhkəmə arxiyepiskop Mikael Acapaxyanın azad olunması üçün müdafiənin müraciətini rədd edib. Acapaxyan ittihamları qəbul etməyib və həbs müddəti 10 gün uzadılıb. O, iyun ayında hakimiyyətin dəyişdirilməsinə çağırış etməkdə suçlanmışdı.

Siyasi şərhçi bildirib ki, sonrakı mərhələdə etirazlar zəifləməyib, əksinə kilsə ilə Paşinyan arasında qarşıdurmalı münasibətlərin formalaşdığı müşahidə olunub.

“Kilsə və keşişlərin müəyyən istiqamətlərdə siyasi dəyişiklikləri təşviq etmək potensialı var və bu, cəmiyyətdə dəyişikliklərin həyata keçirilməsində mühüm rol oynayır. Daha sonra bir sıra şəxslərin hakimiyyət dəyişikliyinə cəhdləri və bunun açıq şəkildə baş verməsi göstərdi ki, bu proses asan olmayacaq və Paşinyan tərəfindən tədbirlər həyata keçirilir. Son günlər kilsə ilə Paşinyan arasında müəyyən yumşalma müşahidə edilirsə də, təhdidlər tamamilə aradan qalxmayıb. Kilsə vasitəsilə ölkəyə və cəmiyyətə nüfuz etmək istəyən dairələrin əsas hədəfi Azərbaycan-Ermənistan arasında normallaşma prosesini pozmaq, əvvəllər əldə olunmuş razılaşmaların icrasına mane olmaqdır. Əsas məqsəd Paşinyanı devirmək və radikal qruplaşmalara aid nümayəndələri hakimiyyətə gətirməkdir. Bu səbəbdən kilsənin siyasi aktivliyi və cəmiyyətdə nüfuz qazanması Paşinyan üçün ciddi təhdid kimi qiymətləndirilir və onun əldə etdiyi razılaşmaların icrasına mane ola bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az