- Siyasi müzakirə
- 18:20
- 925
“Çin iqtisadi maraqlarını qorumaq üçün siyasi ambisiyalarından istifadə edir” – siyasi şərhçi

“Rusiya, Çin və İran – bu üçü də – Qərb, yəni Avropa İttifaqı və ABŞ-ın maraqlarına qarşı çıxır və onların təzyiqlərinə birgə müqavimət göstərməyə çalışırlar. Buna baxmayaraq, Avropa İttifaqı və ABŞ ilə birlikdə Çinin ticarət dövriyəsi 1,5 trilyon dollardan çoxdur. Çinlə Rusiya və İran arasındakı ticarət dövriyəsi isə bunun yarısı qədər belə deyil. Burada söhbət açıq və qanuni ticarət əlaqələrindən gedir. Bununla yanaşı, Rusiya, Çin və İran arasında qara ticarətin olması ehtimalı da istisna edilmir. Ona görə Çin, Rusiya və İranın Avropa İttifaqı və ABŞ ilə ticarətində bəzən iddialı çıxış edir və bəzi hallarda ultimativ bəyanatlar verir. ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi tarif siyasəti isə bəzən Çini qərb blokuna münasibətdə çəkindirir, qarşılığında isə ABŞ bu tarifləri azaldır. Başqa sözlə, Vaşinqton tarif siyasəti vasitəsilə Çini müəyyən ölçüdə tənzimləyə bilir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Xatırladaq ki, son illərdə Rusiya ilə Çin arasındakı əlaqələr diqqət çəkəcək dərəcədə yaxınlaşıb. Hər iki ölkə iqtisadi, hərbi və siyasi sahələrdə strateji əməkdaşlığa üstünlük verir. Ekspertlər bildirirlər ki, bu yaxınlaşmanın arxasında ABŞ və Avropanın geosiyasi təsiri dayanır. Çin getdikcə Vaşinqton və Qərb üçün əsas rəqib kimi görülür, Rusiya isə bu prosesdə bir növ vasitəçi funksiyasını yerinə yetirir.
Siyasi şərhçi qeyd edib ki, Çin 2030-cu ilə qədər ABŞ-ın əsas iqtisadi rəqibi ola bilər.
“Bunun üçün Çin ABŞ-ın geosiyasi maraqlarına təsir göstərərək öz iqtisadi və siyasi mövqeyini gücləndirir. Bu həm Çinə, həm də Rusiyaya əlavə üstünlük yaradır. Rusiya məsələsinə gəldikdə, o, Çinin Avropaya qarşı geosiyasi strategiyasının bir proksi dövlətidir. Əgər Çin iqtisadiyyatı olmasaydı, Rusiya neftinin böyük hissəsini və İran neftinin demək olar ki, hamısını Çin almasaydı, bu iki ölkənin iqtisadiyyatları indiki səviyyədə olmazdı. Çin şirkətlərinin Rusiyadakı sərmayələri olmasaydı, Sibir torpaqlarının istismarı həyata keçməzdi və Rusiya iqtisadiyyatı çökərdi. Eyni zamanda, Rusiyanın keçmiş sovet respublikalarından, xüsusilə Mərkəzi Asiya və Qafqazdan gələn miqrantlara münasibəti də fərqli ola bilərdi. Avropalılar, xüsusən Fransa və Almaniya, Rusiya ilə bağlı strateji məqsəd üçün onu bir bufer dövləti kimi yaratmışdılar. Bu gün isə Rusiya, Çinin əlində Avropaya və ABŞ-a qarşı təzyiq aləti rolunu oynayır. Rusiya ilə Çin münasibətlərinin yaxınlaşmasının əsas səbəbi Avropa İttifaqı və ABŞ-dan ehtiyatlanmaq və onların geosiyasi maraqlarından müdafiə olunmaqdır. Burada Çinin əsas hədəfi iqtisadi maraqlardır, lakin Rusiya və İran məsələsində Çin həm iqtisadi, həm də geosiyasi maraqlara sahibdir”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın sanksiyaları və tarif siyasəti zamanı Çin iqtisadi maraqlarını qorumaq üçün siyasi ambisiyalarından da istifadə edir:
“Məsələn, yaxın gələcəkdə Rusiya neftinin Çinə ixracı azala bilər və onun yerini İran tuta bilər. Bununla bağlı ABŞ və İran arasında müəyyən siqnallar mövcuddur. ABŞ həmçinin Çinə xəbərdarlıq edib ki, Rusiyadan neft alışını azaltsın. Çin isə bu məsələyə suverenlik və digər prinsiplərlə yanaşıb. Beləliklə, burada söhbət həm iqtisadi, həm də siyasi maraqlardan gedir və Çin siyasi maraqlarını bir sıra hallarda iqtisadi maraqlarına qurban verə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az