- Siyasi müzakirə
- 18:23
- 1 508
“Azərbaycan Rusiyanın təzyiqlərinə boyun əymir” - Rəşad Bayramov

“Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasındakı gərginlik və münasibətlərdəki soyuqluq Rusiyanın apardığı siyasətin nəticəsidir. Rəsmi Moskvanın Azərbaycana təzyiq ehtiva edən davranışları bu vəziyyətin başlıca səbəbidir. İstər təyyarəmizin vurulması, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı qanunsuzluqlar, iş adamlarımıza qarşı hücumlar, eləcə də Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sistemi və Socarın neft anbarına edilən raket hücumları – bütün bunlar Rusiyanın Azərbaycana təzyiq göstərmək niyyətinin göstəricisidir. Azərbaycanın bu təzyiqlərə boyun əyməməsi isə Rusiyanı daha da agresivləşdirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Xatırladaq ki, son aylarda Azərbaycanla Rusiya arasında münasibətlərdə nəzərəçarpacaq gərginlik müşahidə olunur. Moskvanın bölgədəki siyasəti, informasiya vasitələrinin fəaliyyəti və qarşılıqlı ittihamlar tərəflər arasında etimad böhranını dərinləşdirib. Azərbaycanın bəzi sərt addımları – məsələn, Rusiya mediasının ofisinin bağlanması və bir sıra şəxslərin saxlanılması – iki ölkə arasındakı münasibətlərin gələcəyinə təsir göstərir.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Azərbaycana təsir göstərə biləcək əsas rıçaqları artıq mövcud deyil.
“Ən vacib rıçaq olan Dağlıq Qarabağ kartı artıq sıradan çıxıb, iqtisadi təsir imkanları isə böyük deyil. Buna görə də Rusiya daha kiçik üsullara – millət vəkilinin ölkəyə buraxılmaması, prodüser Emin Əfəndinin geri qaytarılması və digər oxşar addımlara əl atır. Bütün bunlar rəsmi Kremlin siyasətinin nəticəsidir. Kreml tərəfindən verilən sifariş əsasında ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri, jurnalistlər, incəsənət və ədəbiyyat adamları, siyasi elitanın nümayəndələri davamlı şəkildə Azərbaycan əleyhinə mövqe ortaya qoyurlar. Rusiyanın miqrasiya siyasəti də ölkədə şovinist düşüncənin artmasına səbəb olub. Bu isə Rusiyada sıravi vətəndaşların da millətlərarası ayrı-seçkilik və təhqir düşüncəsini mənimsəməsinə gətirib çıxarıb. Nəticədə, müxtəlif millətlərdən olan insanlara qarşı aşağılanma və döyülmə halları baş verir. Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi heç bir halda Azərbaycan maraqlarına cavab vermir. Lakin bu münasibətlərin bərpası faktiki olaraq Azərbaycandan asılıdır”.
Siyasi şərhçi əlavə edib ki, prosesə başlanğıc verən və siyasəti həyata keçirən tərəf Rusiyadır:
“Əgər Rusiya bütün bu fəaliyyətlərdən imtina edib normal qonşuluq siyasətini davam etdirmək istəyirsə, Azərbaycan da buna uyğun addımlar atacaq. Əks halda, Azərbaycan öz ərazisində fəaliyyət göstərən hər hansı düşmən şəbəkəsinin neytrallaşdırılmasından geri çəkilməyəcək. Azərbaycan dəfələrlə sübut edib ki, təzyiq dili ilə nəyə nail olmaq mümkün deyil. Eyni zamanda, Avropa və ABŞ təzyiq göstərsə belə, Azərbaycan milli maraqlarından imtina etməyəcək. Rusiyanın anlamalı olduğu əsas məsələ budur ki, təzyiq yolu ilə Azərbaycanı məcbur etmək və bu yolla Qafqazda mövqeyi bərpa etmək mümkün deyil”.
Rəfiqə Namazəliyeva,
AzNews.az