“Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni geosiyasi balans yaradacaq” - Şəhla Cəlilzadə

“TRIPP layihəsinin reallaşdırılması Rusiya, İran və Çinin geosiyasi maraqları fonunda ciddi çətinliklərlə üzləşə bilər. Rusiya Cənubi Qafqazda öz nüfuzunun azalmasına səbəb ola biləcək istənilən Qərb təşəbbüsünə skeptik yanaşır və fərqli yollarla təzyiq göstərir. İran regionda ABŞ, Türkiyə və İsrailin, ümumilikdə ifadə etsək NATO-nun təsirinin artmasından narahat olduğu üçün TRIPP layihəsini təhlükə kimi görür və müxtəlif təhdidlər yağdırır. Çin isə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Şərq-Qərb dəhlizində yeni yolların yaranmasını nəzarətdə saxlamaq istəyirsə də, eyni zamanda balanslı mövqe tutmağa çalışır. Bu səbəbdən layihənin uğuru bu ölkələrin reaksiya və qarşılıqlı münasibətlərindən asılı olacaq. Bu fonda Ermənistan İranın narahatlıqlarını aradan qaldırmaq üçün yaranacaq yeni marşrutdan İranın da Fars körfəzi-Qara dəniz arasında bağlantı qurmaqla faydalana biləcəyinə inandırmağa çalışır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, son aylarda ABŞ-ın vasitəçiliyi ilə gündəmə gələn TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi regionda geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu dəhliz Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə və Qafqazın geosiyasi xəritəsinin dəyişməsinə təsir göstərə bilər. Lakin Rusiya və İranın layihəyə qarşı sərt mövqeyi, Çinin maraqları və ümumilikdə Qərbin bölgədə artan aktivliyi bir çox suallar yaradır.

Siyasi şərhçi bildirib ki, Ermənistan rəsmilərinin Tehrana, İran Prezidentinin isə İrəvana səfəri məhz regional razılaşdırma məqsədini güdür.

“Hazırda Ermənistan-Rusiya arasında bu mövzuda danışıqlar prosesi gedir və Overçuk İrəvandadır. Rusiya vaxtilə mövcud olan, müharibə səbəbilə bağlanan Ermənistan-Gürcüstan (Abxaziya)-Rusiya dəmir yolu xəttinin təkrar işə salınması ilə gələcəkdə Zəngəzur dəhlizinin Rusiyadək uzadılmasıyla Şimal-Cənub istiqaməti ilə birləşdirilə biləcəyindən bəhs edir. Bu Azərbaycandan keçən Rusiya-İran-Hindistan xəttinə alternativ olardı. Həftəsonu isə Azərbaycan rəsmiləri Moskvada danışıqlar aparacaq. Beləliklə, regional aktorlarla razılaşdırmadan hər hansı regional layihə uğurlu ola bilməz. Məsələn, 1994-cü ilin “Əsrin Müqaviləsi”ndə də Rusiya çoxsaylı iqtisadi-siyasi təzyiqlərdən sonra iştirak payı əldə etmişdi. İstənilən halda, hansı ad altında olursa-olsun Zəngəzur dəhlizinin reallaşması Cənubi Qafqazda yeni geosiyasi balans gətirəcəkdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az