- Siyasi müzakirə
- 18:40
- 1 786
“Orta Dəhliz həm Çindən Londona, həm də Türk dünyasına açılan yoldur” - Əli Mustafayev

“Ukrayna müharibəsi Qərb ilə Rusiyanı qarşı-qarşıya qoydu və nəticədə Rusiya üzərindən keçən ticarət yolları faktiki olaraq bağlandı. Bu isə alternativ marşrutların yaranmasını zəruri etdi. Belə şəraitdə Orta Dəhliz – yəni Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çıxan yol – xüsusi aktuallıq qazandı. Bu marşrut həm Çindən Londona qədər uzanan ticarət yolunun, həm də Transxəzər dəhlizi və Türk dünyasını birləşdirən əməkdaşlıq layihələrinin mühüm hissəsidir. Azərbaycanın bu yoldakı rolu isə xüsusilə önəmlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Rusiya üzərindən keçən ənənəvi ticarət yolları zəifləyib. Bu şəraitdə Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropaya birləşdirən Orta Dəhliz gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın bu marşrutdakı rolu isə həm iqtisadi, həm də siyasi baxımdan xüsusi önəm kəsb edir.
Siyasi şərhçi bildirib ki, Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm üstünlüklər təmin edir.
“Tarix boyu ticarət yolları üzərində yerləşən dövlətlərin güclü və varlı olması təsadüfi deyil. Bu yolun işləməsi Azərbaycanın büdcəsinə böyük gəlir gətirə, ölkəmizin regional və qlobal məsələlərdə söz sahibinə çevrilməsini sürətləndirə bilər. Hazırda Rusiya üzərindən keçən yollar demək olar ki, işlək deyil. Bu isə Orta Dəhlizi strateji baxımdan daha mühüm edir və hətta İran üzərindən keçən bəzi marşrutların da yerini tuta bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 36–40 milyon ton həcmində olacağı proqnozlaşdırılır. Bu isə Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, həm də digər ölkələrlə ticari və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Gec-tez bu yolun tam gücü ilə fəaliyyət göstərəcəyi və Rusiya üzərindən keçən marşrutları əvəz edəcəyi şübhəsizdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az