- Siyasi müzakirə
- 18:47
- 2 969
“Regionda həyata keçirilən layihələr Azərbaycanın mövqeyindən asılıdır” - Azad Məsiyev

“Əvvəla, Cənubi Qafqazı regional yox, beynəlxalq geosiyasi kontekstdə təhlil etmək daha məqsədəuyğundur. Çünki bu region qlobal siyasətin ayrılmaz hissəsidir və dünyada baş verən hadisələr birbaşa təsir göstərir. Hazırda beynəlxalq sistemdə supergüclərin – başda ABŞ olmaqla NATO bloku ilə Rusiyanın – qarşıdurması müşahidə olunur. Onun birinci episentri Ukrayna, ikinci episentri isə Cənubi Qafqazdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi reallıq formalaşdırıb. Bu gün Cənubi Qafqazda həyata keçirilən istənilən layihə Azərbaycanın mövqeyindən asılıdır. ABŞ da, Rusiya da bu məkanda öz strateji maraqlarını təmin etməyə çalışır. Bayden dövründə Vaşinqton daha çox siyasi təzyiq və şantaj alətlərindən istifadə edərək Ermənistan vasitəsilə bölgəyə təsir göstərmək istəyirdi. Tramp dövründə isə ABŞ-ın yanaşması daha çox iqtisadi maraqlara əsaslanırdı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Vaşinqton görüşündən müəyyən vaxt keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi yenidən diqqət mərkəzinə çıxıb. Uzun illər davam edən gərginlik və münaqişə fonunda tərəflərin dialoqa açılması və sülh istiqamətində atdıqları addımlar həm beynəlxalq ictimaiyyətin, həm də region ölkələrinin maraqlarına xidmət edir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdərək həm region dövlətləri, həm də qlobal güclərlə münasibətlərini milli maraqlar çərçivəsində qurur.
“Avropa ilə enerji əməkdaşlığı, Rusiya və İranla qonşuluq münasibətləri, eləcə də Qoşulmama Hərəkatında fəallıq Azərbaycanın neytral, lakin çevik siyasət xəttini nümayiş etdirir. Eyni zamanda Prezident İlham Əliyevin irəli sürdüyü “üçtərəfli əməkdaşlıq” ideyası və Ermənistanla sülh sazişi təklifləri regionda stabilliyin bərqərar olmasına xidmət edir. Lakin problem ondadır ki, Ermənistan hələ də rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımır. Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Paşinyan reallığı qəbul etsə də, Qərbin dəstəyinə arxalanaraq prosesləri ləngitməyə çalışır. Halbuki, Ermənistan sülh sazişini imzalamadan nəqliyyat xətləri açıla, nə Türkiyə ilə sərhəd normallaşa, nə də regional layihələrdə tam iştirak edə bilər. Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsi həm Rusiya, həm də ABŞ üçün strateji əhəmiyyət daşıyır. 10 noyabr razılaşmasının müvafiq bəndinə əsasən, dəhlizə Rusiya nəzarət etməli idi. Əgər bu məsələ ABŞ-ın təsir dairəsinə keçərsə, Moskvanın Cənubi Qafqazdakı mövcudluğu sual altına düşəcək. Bu isə Rusiyanın regiondan sıxışdırılması deməkdir. Nəticədə Cənubi Qafqazda hansı gücün üstünlük qazanacağı qlobal sövdələşmələrdən asılı olacaq”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ və Rusiya arasında Ukrayna və Cənubi Qafqaz məsələlərində razılaşma əldə olunarsa, bölgədə nisbi sabitlik təmin oluna bilər:
“Amma qarşıdurma dərinləşərsə, Cənubi Qafqazda gərginlik davam edəcək. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri də mühüm rol oynayacaq. Əgər Moskva yönlü qüvvələr qalib gələrsə, bu, regionda yeni siyasi situasiya yaradacaq. Nəticə etibarilə, Cənubi Qafqazda dayanıqlı sülhün yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından keçir. Bunun üçün Ermənistan öz Konstitusiyasını dəyişməli və Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımalıdır. Əks halda, gərginlik davam edəcək, qlobal güclərin maraqlar toqquşması isə regionu daha mürəkkəb vəziyyətə salacaq. Orta Dəhlizin və digər böyük layihələrin taleyi də birbaşa bu prosesdən asılı olacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az