“Azərbaycan nəqliyyat dəhlizləri ilə regionun strateji mərkəzinə çevrilir” - Mübariz Göyüşlü

“Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət ölkəni yalnız hərbi və diplomatik sahədə deyil, həm də nəqliyyat, kommunikasiya və beynəlxalq əlaqələr baxımından strateji mərkəzə çevirib. Bu, ölkəni beynəlxalq arenada önəmli oyunçu kimi mövqeləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi və Şərq-Qərb Orta Dəhliz layihəsi Azərbaycanın regiondakı rolunu gücləndirir, dövlətlərarası əməkdaşlıq imkanlarını genişləndirir və iqtisadi inkişaf üçün əlavə imkanlar yaradır. Həmçinin, planlaşdırılan Zəngəzur Dəhlizi Azərbaycanın strateji mövqeyini daha da artıracaq və regionda nəqliyyat-kommunikasiya şəbəkəsinin mərkəzi halına gətirəcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni regional tranzit və nəqliyyat layihələrinin mərkəzinə çevirib. Son illərdə Orta Dəhliz marşrutu – Çin, Mərkəzi Asiya, Xəzər və Qafqaz vasitəsilə Avropaya çıxan yeni nəqliyyat xətti – beynəlxalq diqqəti Azərbaycana yönəldib. Ekspertlər hesab edirlər ki, bu marşrut həm Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirə, həm də region ölkələri arasında əməkdaşlıq imkanlarını artırmaq potensialına malikdir.

Siyasi şərhçi qeyd edib ki, bu dəhlizin reallaşması Azərbaycanın region ölkələri ilə iqtisadi əlaqələrini gücləndirəcək və regional inteqrasiyada vacib rol oynayacaq.

“Orta Dəhliz layihəsi və digər nəqliyyat təşəbbüsləri vasitəsilə yaradılan iqtisadi və kommunikasiya əlaqələri, həmçinin konfliklərin qarşısını almağa yardımçı olur. Analitik müşahidələr göstərir ki, güclü əməkdaşlıq və ticarət əlaqələri olan regionlarda münaqişələrin baş vermə ehtimalı daha azdır. Nəticə olaraq, Azərbaycan Orta Dəhliz və digər strateji layihələr vasitəsilə regional inteqrasiyada mərkəzi rol oynayır. Zəngəzur Dəhlizi reallaşdıqca və digər təşəbbüslər genişləndikcə, ölkənin həm iqtisadi, həm də siyasi təsiri daha da güclənəcək və regional stabilliyə töhfə verəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az