Zeynal Əmrəliyev: “Azərbaycanın mövqeyi tam müstəqildir və beynəlxalq hüquqa söykənir”

“Azərbaycan Ukraynaya dəstəyi tamamilə beynəlxalq normalara əsaslanır. Yəni, Azərbaycan Ukraynaya beynəlxalq hüquq çərçivəsində dəstək verir. Bu, Azərbaycanın təbii haqqıdır. Azərbaycan tərəfi dəfələrlə bu məsələlərlə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Azərbaycan dövləti, Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Burada ikinci bir mövqedən söhbət gedə bilməz. Əsas məsələ Rusiyanın buna necə reaksiya verə biləcəyidir. Düşünürəm ki, Rusiya Azərbaycanın beynəlxalq hüquqa uyğun davranışlarına heç bir reaksiya göstərə bilməz. Ümumiyyətlə, necə ki, digər ölkələr də Azərbaycanın müstəqil mövqeyinə hər hansı formada müdaxilə edə bilməz, eyni qaydada bu məsələdə də vəziyyət dəyişməz. Azərbaycan tam suveren dövlətdir və öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir. Ona kənardan müdaxilə etmək mümkün deyil”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini təbrik edərək bildirib ki, Azərbaycan dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərəcək. Dövlət başçısı vurğulayıb ki, ölkələrimizin ərazi bütövlüyü və suverenlik məsələlərində beynəlxalq hüquqa uyğun olaraq nümayiş etdirdiyi qarşılıqlı dəstək təqdirəlayiqdir. İlham Əliyev Azərbaycan-Ukrayna dostluq və əməkdaşlıq əlaqələrinin xalqların iradəsinə uyğun olaraq daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Zelenski də sosial şəbəkədə İlham Əliyevin təbriki ilə bağlı paylaşım edib.

Siyasi şərhçi bildirib ki, son proseslər istər müharibədən sonrakı mərhələdə Azərbaycana qarşı edilən təzyiqlər istərsə də həmin təzyiqlərə dövlətin verdiyi cavablar Azərbaycanın siyasətinin tam müstəqil olduğunu və milli maraqlar üzərində qurulduğunu bir daha göstərir.

“Azərbaycanın milli maraqları beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq hüquq normaları və prinsipləri bizim üçün əsasdır. Beynəlxalq hüquqa görə, Rusiya tərəfindən işğal olunmuş ərazilər Ukrayna torpaqlarıdır. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməsi tamamilə normaldır. İkinci bir məsələ isə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımdır. Bu yardım da normal haldır. Azərbaycan dəfələrlə dünyanın müxtəlif bölgələrinə – məsələn, Afrikada aclıqdan əziyyət çəkən və ya münaqişə ocaqlarında yaşayan insanlara humanitar yardım göstərib. Bu yardımlar nəzərə alınmalı və dünya birliyi tərəfindən təqdir edilir. Ukrayna dövləti, xüsusilə də Prezident Vladimir Zelenski dəfələrlə Azərbaycanın dövlətinə, şəxsən Prezident İlham Əliyevin Ukraynaya yönəlik humanitar yardımlarına görə təşəkkür edib. Bu da diqqətə alınmalı bir faktdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az