“Trampın Rusiyanı Çin təsirindən ayırması real görünmür” - Oqtay Qasımov

“Öncə qeyd etmək lazımdır ki, Vladimir Putinin Çinə səfəri əvvəlcədən planlaşdırılmışdı. Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının Çində keçirilməsi də bunu müəyyənləşdirən əsas amillərdən biri idi. Bu baxımdan, həmin səfər çərçivəsində Donald Tramp ilə görüşün də baş tutması təsadüfi deyil. Doğrudur, Tramp hakimiyyətə gəldikdən sonra Rusiyaya münasibətdə ritorikanı yumşaltmağa, əməkdaşlığı artırmağa və hətta Ukrayna müharibəsinin Rusiyanın maraqlarına daha uyğun şəkildə həllinə çalışmışdı. Lakin bu siyasət nəticə vermədi. Bunun səbəbi isə Rusiyanın Çinlə kifayət qədər yaxın münasibətlərdə olmasıdır. Xüsusilə də müharibə başladıqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi 256 milyard dollara qədər yüksəlib və Rusiya bir sıra sahələrdə Çindən asılı vəziyyətə düşüb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dörd günlük səfər edəcək. Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar aparılacaq. Bundan başqa, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etməyi planlaşdırır. ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Çinə səfəri xüsusi maraq doğurub. Tramp hakimiyyətə gəldikdən sonra Rusiya–ABŞ münasibətlərində yaxınlaşma və yumşalma müşahidə olunmuş, Vaşinqtonun Putini Çinin təsirindən uzaqlaşdırmağa çalışdığı barədə şərhlər səsləndirilmişdi. Alyaska görüşündən sonra da oxşar qiymətləndirmələr davam etdi.

Politoloq bildirib ki, Çin müharibənin uzanmasında maraqlı deyil və Rusiyanın əsas dəstəkçisi kimi çıxış edir.

“Bu baxımdan Trampın Rusiyanı Çin təsirindən ayırması real görünmür. Son dövrlərdə keçirilən yüksək səviyyəli görüşlər də göstərir ki, Moskvanın mövqeyində sərtləşmə müşahidə olunur. Bu isə tərəflər arasında münasibətlərin gələcək istiqaməti barədə daha aydın təsəvvür formalaşdırır. Beləliklə, Rusiya-Çin tərəfdaşlığının bundan sonra da davam edəcəyi gözlənilir. Çünki hər iki tərəfin Qərb blokuna qarşı dayanmaq üçün bir-birinə ehtiyacı var. Hazırkı vəziyyətdə Rusiya üçün Çin həm geosiyasi üstünlük əldə etməyin, həm strateji məqsədlərə nail olmağın, həm də iqtisadi problemləri həll etməyin əsas vasitələrindən biridir. Çin üçün isə Rusiya böyük xammal bazası rolunu oynayır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az