- Siyasi müzakirə
- 25 Avqust 19:33
- 1 761
“Ermənistanda kompromisə hazır olmayan qruplar sülh prosesinə mane olur” - Əli Mustafayev

“Azərbaycan–Ermənistan münasibətləri təbii olaraq mürəkkəb və ziqzaqlı bir mərhələni keçir. Bir sıra məsələlərdə anlaşma mövcuddur, bəzi məsələlərin isə həlli üçün zamana ehtiyac var. Artıq müqavilə mətninin əsas tələbləri razılaşdırılıb və sənəd ABŞ-da paraflanıb. Bu o deməkdir ki, müqavilə imzalanmağa hazırdır, yalnız bəzi şərtlərin razılaşdırılması qalır. Şərtlərdən biri konstitusiya ilə bağlıdır, digəri isə Ermənistan ərazisindəki Azərbaycan torpaqlarına dair məsələlərin həllidir. Verilən məlumata görə, Ermənistan Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət edib. Ekspertlər qeyd edirlər ki, proses daxilən müzakirə olunmalı və konstitusiya dəyişiklikləri məhz hüquqi institutlar vasitəsilə həyata keçirilməlidir. Yaxın vaxtlarda bu istiqamətdə addımların atılması gözlənilir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Vaşinqtonda baş tutan üçtərəfli görüşdən sonra yeni mərhələyə qədəm qoyub. Tərəflər ilkin razılığa gəlib, müqavilə mətni ictimaiyyətə açıqlanıb, lakin bəzi məsələlər hələ həllini tapmayıb. 2024-cü ildə sərhədin müəyyən hissəsində delimitasiya prosesi baş tutub, dörd kənd Azərbaycana qaytarılıb. Regionda Rusiya, ABŞ, Aİ və Türkiyənin fəal rolu müşahidə olunur, BMT və neytral tərəfdaşlar prosesi alqışlayır.
Siyasi şərhçi bildirib ki, Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı məsələ ən mürəkkəb məqamlardan biridir.
“Çünki Ermənistan cəmiyyətində kompromisə hazır olmayan qruplar var. Təxminən 4-5 siyasi partiya açıq şəkildə buna qarşı çıxır və Azərbaycanın Qarabağa qayıdışını qəbul etmirlər. Ona görə də bu məsələ əvvəlcə təbliğat və maarifləndirmə mərhələsindən keçməlidir. Ermənistan hökuməti də bu istiqamətdə çalışır və vaxt qazanmağa çalışır. Cəmiyyəti inandırmaq üçün müəyyən dövr lazımdır. Hüquqi prosedur baxımından Ermənistan hökumətinin konstitusiyanı birbaşa dəyişmək səlahiyyəti yoxdur. Bu yalnız referendum yolu ilə mümkündür. İndi yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti gələn ilin iyununda referendum keçirməyi nəzərdə tutur. Deməli, hökumət həm siyasi rəqiblərin təzyiqi ilə üz-üzədir, həm də cəmiyyəti inandırmaq üçün bu prosesi reallaşdırmalıdır. Məlum olduğu kimi, tərəflər arasında birbaşa telefon əlaqələri və digər vasitələrlə təmaslar mövcuddur. Bu, müəyyən institutlar və vasitəçilər üzərindən də həyata keçirilir. Son dövrdə dövlət başçılarının birbaşa görüşləri də baş tutub. Vaşinqton görüşü və ondan əvvəl keçirilən görüşlər bunu təsdiq edir. Ümumiyyətlə, həm yüksək, həm də digər səviyyələrdə davamlı təmasların olduğu görünür. Virtual görüşlər də mümkündür. Bu səbəbdən üçüncü tərəflərin iştirakı vacib hesab edilmir. Gözləntilərə görə, 2026-cı ilədək bütün bu məsələlərin həllinə nail olunacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az