“Etirazların məqsədi Rusiya–Ermənistan münasibətlərinə zərbədir” - Kənan Novruzov

“Əslində ilk baxışdan belə görünə bilər ki, bu proseslər rəsmi İrəvanın maraqlarına uyğundur. Çünki Ermənistan uzun müddətdir Moskvadan uzaqlaşma xətti götürüb. İrəvan ardıcıl manevrlər edərək Rusiyadan uzaqlaşmağa çalışır. Belə bir vaxtda Ermənistanda keçirilən etiraz aksiyalarının həm də Rusiya–Ermənistan münasibətlərinə zərbə vurmaq məqsədi daşıdığı diqqətdən qaçmır. Yəni mümkündür ki, bu aksiyaların arxasında duran siyasi qüvvələr birbaşa iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə cəhd edirlər. Bunun fonunda isə Moskva Ermənistana təzyiqləri artırır, hakimiyyətə qarşı daha sərt addımlar atmağa çalışır. Hətta baş nazirin istefaya göndərilməsi məsələsi də gündəmə gələ bilər. Yaxın perspektivdə etiraz aksiyalarının miqyasının daha da genişlənməsi mümkündür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Ermənistanda ‘Respublika naminə’ partiyası Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası qarşısında etiraz aksiyası keçirib. Aksiyanın təşkilində həmin partiyanın fəal iştirak etdiyi qeyd olunur. Hadisə həm ölkə daxilindəki siyasi gərginliyin, həm də Rusiya–Ermənistan münasibətlərində ictimai rəyin mühüm göstəricisi kimi dəyərləndirilir.

Siyasi şərhçi bildirib ki, bu proseslərin əsas məqsədi Rusiya–Ermənistan münasibətlərinə zərbə vurmaqdır.

“Halbuki Moskva İrəvanın mövqeyini yaxşı bilir, eyni zamanda Ermənistan da Rusiyanın ona münasibətindən xəbərdardır. Bu səbəbdən aksiyaların iki ölkə münasibətlərində köklü dəyişikliklərə gətirib çıxaracağı real görünmür. 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan Moskvadan uzaqlaşma xəttini daha açıq şəkildə yürütməyə başladı. Çünki Paşinyanı hakimiyyətə gətirən Qərbin əsas məqsədi də Ermənistanı Rusiyadan uzaqlaşdırmaq idi. Bununla belə, münasibətlərin təqdim olunduğu qədər kəskinləşdiyini düşünmürəm. Bəli, Moskva ilə münasibətlərdə müəyyən gərginlik var, lakin hansısa gizli razılaşmaların mövcudluğunu da istisna etmək olmaz. Əvvəlki prezidentlər Serj Sarkisyan və Robert Koçaryan dövrü ilə müqayisədə münasibətlər xeyli soyuyub. Amma bu, təqdim edildiyi qədər kəskin deyil. Məncə, Qərbin əsas məqsədi Paşinyanı hakimiyyətdən salmaq deyil. Ola bilsin ki, müəyyən anlaşmalar mövcuddur və həm Rusiya, həm də Qərb konkret şərtlər daxilində Paşinyanla işləməkdə maraqlıdır. Belə vəziyyətdə Paşinyan hər iki tərəf üçün əlverişli fiqur olaraq qalır. Çünki həm Qərb, həm də Rusiya onunla əməkdaşlıq imkanı əldə edir. Əgər başqa bir lider hakimiyyətə gəlsə, bu, həm Ermənistanda, həm də regionun güc balansında yeni konfiqurasiyalara gətirib çıxara bilər. Ona görə də hazırda Paşinyan həm Qərb, həm də Rusiya üçün sərfəlidir. Yaxın dövrdə Ermənistan–Rusiya münasibətlərində ciddi dönüş gözləmirəm. Aksiyalar genişlənə bilər, amma bu, münasibətlərdə yeni mərhələ açmayacaq. Əksinə, mövcud gərginlik sadəcə daha da artacaq. Unutmaq olmaz ki, Paşinyan dəfələrlə müxtəlif siyasi sınaqlardan çıxıb. Ölkədə kütləvi etirazlar baş versə də, hətta İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra belə, hakimiyyətdə qala bildi. Bu gün də onun hakimiyyətdən getməsi real görünmür. Çünki Paşinyanın hələ başa çatdırmadığı siyasi missiyası var. Bu missiyanın davam etdiyini həm Qərb, həm də Rusiya yaxşı anlayır”.

Rəfiqə Namazəliyeva,

Aznews.az