“Türkiyənin Ukraynanın təhlükəsizliyində iştirakı realdır” - Rəşad Bayramov

“Tükiyənin Ukraynanın təhlükəsizliyində iştirakı tamamilə realdır. Türkiyə xüsusilə dəniz təhlükəsizliyi məsələsini ön plana çıxarır və istər dənizdə, istərsə də sahilboyu ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təminatında iştirak edə biləcəyini açıqlayıb. Bununla bağlı biz Ukrayna Prezidenti Zelenskinin də açıqlamalarına istinad etmişik. Ancaq söhbət hazırkı mərhələdə sülhməramlı kontingentin Ukraynaya göndərilməsindən gedirsə, Türkiyə müdafiə nazirinin dediyi kimi, bu yalnız Rusiya və Ukrayna arasında atəşkəs əldə olunduqdan sonra mümkün ola bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov açıqlayıb ki, Türkiyə bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirir. Diplomatın sözlərinə görə, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı danışıqlarda iştirakı məsələsi ölkənin milli müdafiə naziri Yaşar Gülərlə də müzakirə olunub. Bu təklif Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa, Ukrayna və Rusiya liderləri ilə intensiv əlaqələri fonunda xüsusilə diqqət çəkir.

Siyasi şərhçi qeyd edib ki, əvvəlcə tərəflər müharibənin dayandırılması barədə razılığa gəlməlidirlər.

“Bundan sonra hər hansı ölkə açıq şəkildə müəyyən olunmuş mandat əsasında təhlükəsizliyin təminatında iştirak edə bilər. Burada həm də iştirakçı ölkələrin bu təhlükəsizliyi hansı formada və hansı istiqamətdə təmin edə biləcəkləri də müəyyənləşdirilməlidir. Ümumilikdə isə, xüsusilə ABŞ-ın təhlükəsizliyə zəmanət fonunda öz hərbi birləşmələrini Ukraynaya göndərmək istəməməsi və yalnız ehtiyac yaranarsa hava dəstəyi göstərə biləcəyinə dair bəyanatları fonunda, NATO-nun ikinci böyük gücü olan Türkiyənin Ukraynanın təhlükəsizliyində bu şəkildə iştirakı həm Ukrayna, həm də Türkiyə üçün arzuolunandır. Ukrayna NATO-da güclü orduya malik Türkiyənin təhlükəsizliyinə zəmanət verməsindən nə qədər fayda əldə edəcəksə, Türkiyə də Ukrayna ərazilərində hərbi mövcudluğunu gücləndirməklə öz gücünü və təcrübə imkanlarını artırmış olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az