“Trump müharibəni uzadaraq ABŞ-a əlavə qazanc gətirir” – Azər Həsrət

“Trumpın yanaşması birbaşa onun biznesmen təfəkküründən irəli gəlir. O həm siyasi dəstəyini itirmir, həm də pul qazanmaqdan geri qalmır. Faktiki olaraq, ABŞ NATO ölkələrinə silah tədarükünü həyata keçirir, NATO ölkələri də Ukraynaya silah yardımı edir. Bu prosesdə ABŞ pul itirmir, əksinə, silah bazarında mövqeyini möhkəmləndirir və əlavə gəlir əldə edir. Eyni zamanda, Ukraynanın Rusiya qarşısında əlini silahsız qoymur. Trumpın davranışı əsasən bundan ibarətdir. Bəzən yanlış olaraq düşünülür ki, Trump Vladimir Putinə və Rusiyaya kömək edir, onların tərəfindədir və Rusiyanın qələbəsini legallaşdırmağa çalışır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton Ukraynaya dəstək verən NATO müttəfiqlərinə silah tədarükünü artırmağı planlaşdırır. Onun sözlərinə görə, ABŞ NATO ölkələrinə milyardlarla dollar dəyərində raket, hərbi texnika və digər müdafiə vasitələri satır və bu prosesi davam etdirəcək.

Siyasi şərhçi qeyd edib ki, bunlar tamamilə əsassızdır.

“Onun siyasəti fərqlidir: Trump müharibənin tez bitməsində o qədər də maraqlı deyil. Əksinə, o, müharibəni uzatmaq, Ukraynanın əlini zaman-zaman gücləndirmək və Rusiyanı küncə sıxaraq daha çox fayda əldə etmək yolunu tutub. Yeri gəlmişkən, yaxınlarda Ukrayna Prezidenti Zelenskiyinin açıqlamasına görə, ölkə ABŞ-dan 100 milyard dollarlıq silah almaq niyyətini açıqlayıb. Bu böyük məbləğdir və Ukraynanın hazırkı durumda onu ödəmək imkanı yoxdur. Çıxış yolu olaraq pulların Avropa Birliyi ölkələri tərəfindən ödənilməsi planlaşdırılır. Beləliklə, ABŞ Ukraynaya 100 milyard dollarlıq silah satacaq, pulunu isə Avropa Birliyi ödəyəcək. ABŞ silahını sataraq uduşlu çıxacaq, Ukrayna isə silah alacaq, lakin onu ödəməyəcək. Burada müharibə həm də bir biznes məntiqi üzərində formalaşır. Trumpın yanaşmaları əsasən bu prinsipə əsaslanır. Nəticədə, bu müharibə hələ bir müddət davam edəcək, Ukraynanın əl gücü getdikcə artırılacaq və nəticədə Rusiya tamamilə zəifləyərək parçalanacaq. Tarixi perspektivdə Rusiya Federasiyası faktiki olaraq arxivə göndəriləcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az