- Siyasi müzakirə
- 27 Avqust 21:58
- 1 115
“ABŞ Ukraynada bitərəf mövqeyə çəkilir” - Mübariz Göyüşlü

“Hesab edirəm ki, bu, Trampın xüsusi yanaşmasının nəticəsidir. Amerika artıq Ukrayna münaqişəsində birbaşa tərəf olmadığını nümayiş etdirmək, həmçinin bu müharibənin ağır yükünü öz üzərinə çəkməmək istəyir. Trampdan əvvəl ABŞ müharibədə fəal iştirak edirdi – Ukraynaya dəstək verirdi, Rusiyaya qarşı sanksiyalar tətbiq edirdi və Ukraynanın silahlandırılmasında iştirak edirdi. Bu, Amerikanın müharibənin ağır yükünü öz çiyinlərində daşıması demək idi. Tramp isə fərqli siyasət yürüdür. Prezident seçkilərində verdiyi vədinə uyğun olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsindəki yükü ABŞ-ın üzərindən götürmək və Avropa tərəfdaşlarını ön plana çıxarmaq istəyir. Bu yanaşma çərçivəsində Avropa ölkələrinin silah verməsi, maliyyəni ödəməsi prinsipi əsas götürülür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqton Ukraynaya dəstək verən NATO müttəfiqlərinə silah tədarükünü artırmağı planlaşdırır. Trampın sözlərinə görə, ABŞ artıq NATO ölkələrinə milyardlarla dollar dəyərində raket və hərbi texnika satıb və bu prosesi davam etdirməyi nəzərdə tutur. Bu açıqlama ABŞ-ın Avropadakı müdafiə strategiyasını gücləndirmə və NATO müttəfiqlərinin təhlükəsizlik qabiliyyətlərini artırma niyyətini göstərir. Eyni zamanda, bu addım ABŞ-ın regional təsirini genişləndirmə və Ukrayna münaqişəsində Avropanın önəmli rolunu qoruma strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi bildirib ki, Trampın strategiyası eyni zamanda iqtisadi mənafələri də nəzərə alır.
“Bitərəf statusu qoruyaraq, ABŞ həm Rusiyaya qarşı düşmən mövqeyində olmamağa çalışır, həm də onunla əməkdaşlıq və faydalı münasibətlərin qurulmasına yönəlir. Beləliklə, Ukrayna məsələsi ABŞ üçün prioritet deyil; əsas məqsəd Avropanın önə çıxması və Rusiyayla konflikt tərəfi kimi deyil, əməkdaşlıq tərəfi kimi münasibətlərin qaydaya qoyulmasıdır. Bu kontekstdə, Trampın açıqlamaları, davranışları və qərarları, ABŞ-ın Ukrayna müharibəsindəki yükü azaltmaq, Avropanı ön plana çıxarmaq və Rusiyayla strateji əməkdaşlıq imkanlarını genişləndirmək niyyətini göstərir”.
Rəfiqə Namazəliyeva,
Aznews.az