- Siyasi müzakirə
- 27 Avqust 22:00
- 1 853
“ABŞ və Çin iqtisadi baxımdan bir-birini tarazlayır” – Həşim Səhrablı

“Amerika və Çin dünyanın ən böyük iki iqtisadiyyatı kimi düşünüləndə, bu iki ölkənin iqtisadi sistemi və qlobal miqyasda təsirləri anlamaqda əsas nüans kimi qarşımıza çıxır. Çünki qlobal iqtisadiyyat, valyuta etibarilə, əsasən dollar üzərindən işləyir. Məsələn, Azərbaycanda beynəlxalq alış-veriş və ticarət əməliyyatlarında çox vaxt dollar istifadə olunur. Dolların Amerika valyutası olması artıq hər kəsə məlumdur və onun qlobal iqtisadiyyatdakı rolu böyükdür. Çin bazarları isə dünya üzrə müxtəlif brendlərin istehsal olunduğu və ən böyük satış həcminə malik bazardır. İnsan sayı və tələbatın yüksək olması səbəbindən Çin dünya bazarlarında avtomobil, telefon və digər texnika sənayelərində ciddi mövqe tutur. Çin istehsalı olan brendlər artıq qlobal bazarlarda önəmli rol oynayır. Bu mənzərəni uzatmaq mümkündür, lakin məsələnin siyasi aspektinə keçmək daha məqsədəuyğundur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, ABŞ və Çin arasındakı münasibətlər yalnız bu iki ölkə üçün deyil, bütövlükdə qlobal iqtisadi və siyasi balansın gələcəyi baxımından həlledici əhəmiyyət kəsb edir. Hər iki dövlət iqtisadi baxımdan bir-birinə dərindən bağlıdır ki, bu da onları açıq qarşıdurmaya getməkdən çəkindirən əsas amillərdən biridir. Mövcud ziddiyyətlərə baxmayaraq, dialoq və əməkdaşlıq ehtiyacı gündəmdə qalır. ABŞ Prezidenti Donald Trampın Çinə səfər edəcəyini açıqlaması və Çin lideri Si Cinpinlə ticarət sazişi üzrə danışıqları davam etdirmək istəyi isə münasibətlərin normallaşması üçün diplomatik imkanların hələ də mövcud olduğunu göstərir.
Siyasi şərhçi bildirib ki, bu iki ölkənin iqtisadi bağlılığı onların bir-birinə qarşı radikal addımlar atmasının qarşısını alır.
“Biden dövründə bu qorxu daha qabarıq şəkildə görünürdü. Çin hələ də Amerika iqtisadiyyatını keçə bilmədiyini bilir və həm iqtisadi, həm də siyasi baxımdan qlobal düzənin ABŞ-ın tərəfində olduğunu nəzərə alaraq, hər hansı iqtisadi və ya hərbi savaşa meyil göstərmir. Biden dövründə ABŞ da Çinə qarşı daha çəkincəli siyasət yürüdürdü, çünki Çin iqtisadiyyatını və qlobal təsirini artırmışdı və ABŞ-ın onu iqtisadi tədbirlərlə sıradan çıxara bilməyəcəyi aydın idi. Trumpın hakimiyyətə gəlişi ilə isə, istər birinci, istərsə də ikinci prezidentlik dönəmlərində, Çinə qarşı iqtisadi müharibə elan olundu. İdxal-ixrac məsələlərində rüsumlar tətbiq edildi və Çin müəyyən məbləğdə qarşılıq verdi. Nəticədə, ABŞ Trump administrasiyası tam gücü ilə irəli getməkdə çətinlik çəkdi və Çinlə əlaqələri yenidən gözdən keçirməli oldu. Bu, göstərir ki, bu iki qlobal güc iqtisadi baxımdan bir-birini tarazlayır və birinin digərini iqtisadi metodlarla sıradan çıxarmaq imkanı yoxdur. Hər iki tərəfin öz tərəfdaşları və potensial koalisiyaları var, buna görə də birini tamamilə sıradan çıxarmaq öz iqtisadi çöküşünü də göz önünə almaq deməkdir, ki, bu, nə ABŞ, nə də Çin üçün məqbul deyil. Siyasi baxımdan isə vəziyyət fərqlidir. ABŞ və Çin hələ yeni dünya düzəninin formalaşması ərəfəsində olduğu üçün bir-birinə qarşı səbirli və təmkinli olmağa çalışırlar. Yeni dünya düzəni formalaşdıqca, bu rəqabət daha kəskinləşəcək və bir tərəf digərinə qarşı səbri tükənmə nöqtəsinə çatacaq. Belə bir mərhələdə iqtisadi təsirlər artıq əsas amil olmayacaq, çünki tarixin bütün mərhələlərində dövlətlər siyasi və hərbi maraqları iqtisadi maraqlardan üstün tutublar”.
Siyasi şərhçi əlavə edib ki, bugünkü sürətli silahlanma, hərbi xərclərin artması və iqtisadi-sosial inkişafdan geri qalınması bu tendensiyanın siqnallarıdır:
“Yeni dünya düzəni formalaşdıqca, Çin və ABŞ bir-birinə qarşı hərbi-siyasi kampaniyalar həyata keçirə bilər. Bu mərhələdə bir tərəf digərinə üstünlüyünü qəbul etdirmək üçün yalnız iqtisadiyyatla kifayətlənməyəcək, həmçinin hərbi və siyasi gücünü də ortaya qoyacaq. Beləliklə, yaxın gələcəkdə ABŞ və Çin arasındakı iqtisadi bağlılıq qarşıdurmanın qarşısını tam ala bilməyəcək. Lakin bu mərhələyə çatmaq üçün müəyyən vaxt lazımdır. Yaxın vadədə bu mümkün görünməsə də, yeni dünya düzəni tam formalaşdıqda, bu iki dövlət iqtisadi maraqlarını kənara qoyaraq bir-birinə öz üstünlüklərini qəbul etdirmək üçün hərbi-siyasi sahədə qarşıdurmaya daxil olacaqlar. Hazırda isə bu, hələ mümkün görünmür”.
Rəfiqə Namazəliyeva,
AzNews.az