“Ukrayna yeni dünya düzəni uğrunda mübarizənin ön cəbhəsindədir” - Əli Mustafayev

“Hazırda Rusiya ilə Ukrayna arasında ciddi savaş gedir. Bu savaşın təşəbbüskarı Rusiyadır. Moskva bu müharibəni əsasən NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq məqsədilə başladığını bildirir. Rusiya hesab edir ki, Ukrayna NATO-ya qoşula bilər və bunun qarşısını almaq üçün hərbi əməliyyatlara başlayıb. Eyni zamanda, Moskva NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir. Baş verənlər əslində böyük geosiyasi savaşdır. Bu, həm NATO ilə Rusiya arasında qarşıdurmadır, həm də yeni dünya düzəni uğrunda böyük güclərin mübarizəsidir. Rusiya düşünür ki, keçmiş sovet respublikaları üzərində təsirini genişləndirməsə və işğal zonalarını böyütməsə, yeni dünya düzənində imperiya kimi mövcud ola bilməyəcək. Bu səbəbdən Ukraynanı hədəf seçib. Digər tərəfdən, NATO ilə Ukraynanın əməkdaşlığı artıq kifayət qədər irəliləmişdi. Qərb də Rusiyanın Ukraynaya hücum edəcəyini gözləyirdi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, son iki ildə Avropa ölkələri silah-sursat istehsalını 6 dəfə artırıb. NATO-nun baş katibi Mark Rutte açıqlamasında bildirib ki, “Avropanın artilleriya sursatlarının illik istehsal gücü iki il əvvəlkindən 6 dəfə artıqdır. İlin sonuna qədər istehsal 2 milyon mərmiyə çatdırılacaq”. Rutte həmçinin müdafiə şirkətlərini raketlər, tanklar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla digər silahların istehsalını artırmağa çağırıb. O, Ukraynanın müdafiə sənayesini nümunə göstərərək əlavə edib: “Mərmi istehsalının artırılması təcrübəmizi Ukraynadan öyrənə bilərik. İşləməyən bəzi istehsal xətlərimizi yenidən işə salmalı və daha sürətli istehsal prosesləri inkişaf etdirməliyik”.

Siyasi şərhçi bildirib ki, bu səbəbdən NATO-nun silahlanmanı sürətləndirməsi təbiidir.

“Avropada isə başqa bir təbliğat da yayılıb: guya Rusiya Avropaya və NATO-ya hücum etməyə hazırlaşır. Moskva isə israrla bildirir ki, məqsədi yalnız Ukraynanı işğal etməkdir. Qısası, Ukrayna həm NATO ilə Rusiya arasında geosiyasi qarşıdurmanın mərkəzindədir, həm də yeni dünya düzəni uğrunda mübarizənin ön cəbhəsində dayanır. Tərəflər daha çox silah-sursat istehsal etməklə bu rəqabətə davam gətirməyə çalışırlar. Müqayisələrə görə, NATO ölkələrinin ümumi mərmi istehsalı təxminən 600 min ədəddir, Rusiya isə təkbaşına 3 milyon mərmi istehsal edir. Bu rəqəmlərin dəqiq olub-olmaması mübahisəli olsa da, NATO rəsmiləri son iki ildə hərbi istehsalın 6 dəfə artdığını təsdiqləyirlər. Bu da Avropa ölkələrinin ciddi şəkildə silahlanma qərarı verdiyini göstərir. Bir çox Avropa ölkəsində yeni silah zavodları tikilir, mövcud müəssisələrin istehsal gücü artırılır. Bu proses yalnız Ukrayna uğrunda müharibə ilə bağlı deyil, həm də strateji qarşıdurmaya hazırlıq xarakteri daşıyır. Qərb kəşfiyyatında belə məlumatlar var ki, gələcəkdə Rusiya NATO ölkələrinə və Avropaya hücum edə bilər. Ona görə də silahlanma həm regional, həm də qlobal səviyyədə yeni dünya düzəninin formalaşması ilə bağlıdır. İstisna etmirlər ki, bu qarşıdurma yalnız Rusiya ilə məhdudlaşmaya bilər. Çin, İran və digər dövlətlərlə də geosiyasi mübarizələrin davam etməsi ehtimal olunur. Silahlanma yarışının əsas səbəbi də məhz yeni dünya düzənində üstün mövqelər uğrunda mübarizədir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az