“Azərbaycan qonşularla sülh və harmoniyanı qoruyur” - Azad Məsiyev

“İran və Azərbaycan əzəli və əbədi qardaş ölkələrdir. İranda 50 milyona yaxın soydaşımız yaşayır və bu baxımdan İran-Azərbaycan münasibətlərinin yaxşı olması hər iki dövlətin maraqlarına uyğundur. Xüsusilə İran dünyadan təcrid olunmuş və sanksiyalara məruz qalmış bir dövlətdir. Bu baxımdan qonşularla münasibətlərin yaxşı olması həm İran xalqının, həm də dövlətin maraqlarına tam uyğundur. Azərbaycanla münasibətlər xüsusilə əhəmiyyətlidir, çünki orada həm dini, həm də orada yaşayan milyonlarla soydaşlarımız var. İki dövlətin dost-qardaş münasibətləri hər iki tərəfin maraqlarına xidmət edir. Təəssüf ki, tarix boyu bu iki dövlət arasında nifaq salmaq istəyən üçüncü tərəflər mövcud olub. Hazırda da İrana qarşı bir koalisiya formalaşıb. Başda ABŞ olmaqla, Qərb dövlətləri İran əleyhinə fəaliyyət göstərir və onun qonşularla münasibətlərinin kəskinləşməsi üçün çalışır. Eyni zamanda, İsrail-İran arasında düşmənçilik mövcuddur və bu həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə davam edir”.

Bu fikirləri Aznews.az -a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə İranla münasibətlər və Prezident Məsud Pezeşkian barədə səsləndirdiyi fikirlər diqqət çəkib. Əliyev İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin mövqeyinə üstünlük verməsini vurğulayaraq, bu sahədə ciddi dövlət koordinasiyasının mövcud olduğunu göstərib. Eyni zamanda, Məsud Pezeşkianın “qan qardaşı” kimi təqdim olunması dövlətlərarası əlaqələrdə etimad, soydaşlıq və milli-mədəni bağların nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur.

Siyasi şərhçi bildirib ki, üçüncü tərəflər, xüsusilə Ermənistan və ABŞ-ın Ermənistandakı rezidentura şəbəkəsi, İran və Azərbaycan arasında nifaq yaratmağa çalışır.

“Bu rezidentura şəbəkəsi İran daxilində kəşfiyyat pozuculuğu fəaliyyəti aparır və Azərbaycanla münasibətlərin gərginləşməsi üçün müxtəlif bəyanatlar verir. Bu fəaliyyət agentura şəbəkəsinin və bölgə mollalarının vasitəsilə həyata keçirilir. Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, dövlət üçün əsas olan rəsmi dövlət xadimlərinin mövqeyidir. Prezidentin və Xarici İşlər Nazirliyinin mövqeyi Azərbaycan üçün prioritetdir və daha tutarlı bir siyasət təmin edir. Digər 3-cü, 4-cü, 5-ci dərəcəli şəxslərin verdiyi bəyanatlar Azərbaycan dövləti üçün heç bir əhəmiyyət daşımır, lakin cəmiyyətdə narahatlıq yaradır. 50 milyona yaxın soydaşımızın yaşadığı İranda bəzi şəxslərin Azərbaycanla düşmənçilik həddinə gətirəcək bəyanatlar verməsi təbii olaraq qıcıq və narahatçılıq doğurur. Azərbaycan ictimaiyyəti zaman-zaman həmin şəxslərə adekvat cavab verir. Bu cür bəyanatlar İran daxilində Qərbin agentura şəbəkəsi tərəfindən idarə olunur və Azərbaycan ictimaiyyətində narahatlıq doğurmaqla yanaşı, İran ictimaiyyətində də fikir formalaşdırmağa çalışır. Lakin Azərbaycan üçün əsas dövlətin apardığı siyasət, rəsmi dövlət şəxslərinin mövqeyidir. Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında səmimi və dost münasibət mövcuddur. Bu münasibətlər müxtəlif platformalarda, həm iki tərəfli, həm də çox tərəfli görüşlərdə açıq və mehriban şəkildə göstərilir. Şəxsi münasibətlər çox vaxt dövlətlərarası əlaqələrin yaxşılaşmasına töhfə verir”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan qonşularla sülh və harmoniyada yaşamaq prinsipini daima qoruyur:

“Azərbaycan ərazisi üçüncü dövlətin İrana qarşı hər hansı pozucu fəaliyyəti üçün istifadə edilmir. Ermənistan və ABŞ rezidentura şəbəkəsi vasitəsilə İran daxilində kəşfiyyat pozuculuğu işləri aparsa da, Azərbaycan bu cür cəhdlərin qarşısını almağa çalışır. Azərbaycan və İran arasında münasibətlərin stabilliyi üçün dövlətlərarası əməkdaşlıq və diplomatik vasitələr önəmlidir. Cənubi Qafqazda stabillik və təhlükəsizlik üçün Azərbaycan 3+3 formatını təşviq edir və regionda problemlərin həllinə maraqlıdır. İran daxilində Azərbaycan əleyhinə fəaliyyət göstərən neqativ qüvvələrin aşkarlanması da Azərbaycan üçün prioritetdir. Şəxsi münasibətlər də mühümdür: Azərbaycan Prezidenti ilə İran Prezidenti arasındakı səmimi davranış iki dövlət və iki xalq arasında münasibətlərin güclənməsinə ciddi töhfə verir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az