- Siyasi müzakirə
- 1 Sentyabr 20:39
- 2 230
“Cənubi Qafqazda əsas söz sahibi artıq Rusiya deyil” – Kənan Novruzov

“Rusiya–Çin münasibətləri həmişə dinamik şəkildə inkişaf edib və bu prosesdə İran, Şimali Koreya, Belarus kimi dövlətlərlə birlikdə kollektiv mövqe nümayiş etdirilib. Bu baxımdan Pekin–Moskva əlaqələrinin yüksək səviyyədə olması təsadüfi deyil. Çində keçirilən görüşlərdə bir sıra regional məsələlər, o cümlədən ABŞ–Rusiya arasında artan gərginlik, Vaşinqtonun Şərqi Avropa və Cənubi Qafqaz siyasəti müzakirə olunub. Bununla belə, yaxın perspektivdə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, həm də qlobal güc balansında yeni strateji konturların formalaşması kontekstində mühüm əhəmiyyət kəsb edir. Hazırkı beynəlxalq şəraitdə, xüsusilə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsinin qeyri-müəyyənliyi və Avrasiya məkanında nüfuz mübarizəsi fonunda Pekin–Moskva əlaqələrinin əhəmiyyəti daha da artır.
Siyasi şərhçi bildirib ki, ABŞ və Çin rəqib olsalar da, bir-birilərinə ehtiyac duyduqlarını yaxşı anlayırlar.
“Əgər bu iki ölkədən biri mövcud gücünü itirsə, beynəlxalq balans, qlobal ticarət və iqtisadi sistem, eləcə də təhlükəsizlik mexanizmi pozular. Yəni onlar rəqabət aparsalar belə, bir-birlərini tarazlayan əsas qüvvələrdir. Bu gün Çin ABŞ-la kəskin rəqabətdədir, xüsusilə iqtisadi sahədə. Lakin bu rəqabət hərbi müstəviyə keçmir, çünki nə Çin ABŞ-a, nə də ABŞ Çinə qarşı birbaşa hərbi qarşıdurmaya maraqlıdır. Eyni yanaşmanı ABŞ–Rusiya münasibətlərində də müşahidə etmək olar. Azərbaycan məsələsinə gəldikdə isə, artıq Cənubi Qafqazda əsas söz sahibi Rusiya deyil. ABŞ regionda fəal mövqe tutaraq Moskvanı prosesdən sıxışdırıb çıxarıb və oyuna daxil olub. İndi isə ABŞ və Çin Cənubi Qafqazla bağlı, o cümlədən Zəngəzur dəhlizi layihəsi ətrafında koordinasiyalı addımlar atmağa çalışacaqlar. Bu, rəqabəti istisna etmir, əksinə, ağıllı şəkildə qurulmuş qarşılıqlı əməkdaşlıq imkanlarını da gündəmə gətirir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az