“ŞƏT Qərb mərkəzli düzəni dəyişir, Azərbaycanın iştirakı isə strateji əhəmiyyət daşıyır” – Əli Mustafayev

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) getdikcə güclənən nüfuzu və təsir imkanları ilə regional çərçivədən çıxaraq artıq qlobal xarakter daşımağa başlayır. Dünyanın təxminən 40 faizinə, yəni 5 milyard nəfərə yaxın əhaliyə təsir edən bu qurum, qarşısına qoyduğu vəzifələrin icrasında da real nəticələr ortaya qoyub. Çin lideri Si Cinpin çıxışında təşkilatın əsas prinsiplərindən biri kimi ədalətli və çoxqütblü dünyanın formalaşdırılmasını vurğuladı. Bu yanaşma ŞƏT-in bir növ kredosu kimi səsləndi və beynəlxalq müstəvidə ciddi rezonans doğurdu. Başqa sözlə, Qərb mərkəzli dünya düzəninin yerini ədalətli, çoxqütblü bir sistemin alması ideyası məhz ŞƏT tərəfindən qlobal gündəmə təqdim olundu”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, həmçinin 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edir. İştirakçılar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər liderlər də yer alıblar.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın bu təşkilatda təmsil olunması həm iqtisadi-ticari, həm də siyasi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

“Doğrudur, hələlik bəzi texniki məsələlər, xüsusilə də Hindistanın mövqeyi ilə bağlı proseslər müəyyən qədər yubansa da, bütövlükdə Azərbaycanın bu quruma qoşulması yalnız fayda gətirə bilər. ŞƏT dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və regional rifah kimi prinsipləri önə çəkir. Azərbaycanın təşkilatda iştirakı regional təhlükəsizliyə də mühüm töhfədir. Xüsusən də nəzərə alsaq ki, qurumun üzvləri sırasında İran və Rusiya da var, bu, Cənubi Qafqazda digər regional güclərin təzyiqlərini müəyyən dərəcədə balanslaşdırmaq imkanını yaradır. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafiya da ŞƏT üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhliz marşrutu məhz ölkəmizdən keçir və bu, həm Çin, həm də digər üzv dövlətlər üçün böyük önəm kəsb edir. Son toplantılarda əsasən Rusiya–Çin–Hindistan üçbucağı müzakirə olunsa da, təşkilatda Türkiyə və digər türk dövlətlərinin iştirakı Azərbaycan üçün əlavə imkanlar açır. Bu baxımdan ŞƏT-in bir növ “çətiri altında” türk gücünün də formalaşdığını söyləmək olar. Üzvlük məsələsi müsbət həllini tapacağı təqdirdə, Azərbaycanın iqtisadi və ticari sahədə yeni üstünlüklər qazanacağı gözlənilir. Siyasi baxımdan isə çoxqütblü dünyada müxtəlif qütblərdə təmsil olunmaq ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. ŞƏT-də iştirak Azərbaycanın əhəmiyyətini yüksəldir və bölgədə mövcud olan narahatlıqlar qarşısında əlavə təhlükəsizlik faktoru kimi çıxış edir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az