Tural İsmayılov: “Bakı–Pekin tərəfdaşlığı Rusiyanın manevr imkanlarını məhdudlaşdırır”

“Azərbaycan–Çin əməkdaşlığı son illərdə həm iqtisadi, həm də geosiyasi müstəvidə dərinləşir və Cənubi Qafqazda yeni güc balansının formalaşmasına təsir göstərir. Prezident İlham Əliyevin Çin lideri Si Cinpinlə qurduğu strateji münasibətlər Bakının regiondakı mövqeyini gücləndirir. Azərbaycanın “Bir kəmər – bir yol” layihəsində tranzit və nəqliyyat mərkəzi kimi rolu genişlənir, Pekinin siyasi dəstəyi isə regional layihələrin uğurla həyata keçirilməsinə təkan verir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, Azərbaycanla Çin arasında son illərdə dərinləşən əməkdaşlıq təkcə iqtisadi müstəvidə deyil, həm də geosiyasi baxımdan Cənubi Qafqazda güc balansını dəyişdirən əsas amillərdən birinə çevrilir. Bu tendensiya ilk növbədə regionun ənənəvi təsir mərkəzi olan Rusiya üçün narahatedici siqnallar doğurur. Xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpinlə strateji müstəvidə qurduğu münasibətlər, Azərbaycanın “Bir kəmər – bir yol” layihəsində mühüm tranzit ölkə kimi mövqeyini möhkəmləndirməsi və Pekinin Bakıya verdiyi açıq siyasi dəstək Moskvanın manevr imkanlarını xeyli məhdudlaşdırır.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan–Çin əməkdaşlığı fonunda Ermənistan və Gürcüstan regiondakı dəyişiklikləri nəzərə alaraq öz mövqelərini yenidən müəyyənləşdirirlər.

“Çinlə yaxınlaşma Azərbaycanın Qərb ölkələri ilə əlaqələrinə mane olmur, əksinə, onun qlobal enerji və nəqliyyat layihələrindəki iştirakını daha da önə çıxarır. Azərbaycan–Çin tərəfdaşlığı regionun tranzit imkanlarını artırır, Bakının strateji əhəmiyyətini möhkəmləndirir və beynəlxalq nüfuzunu yüksəldir. Bakı həm iqtisadi, həm də diplomatik müstəvidə Çinlə əməkdaşlığı inkişaf etdirərək Cənubi Qafqazda mühüm oyunçu kimi mövqeyini daha da gücləndirir. Ümumilikdə, Azərbaycan–Çin əməkdaşlığı regionda sabitliyi, inkişafı və qarşılıqlı faydalı layihələri təşviq edən konstruktiv proses kimi qiymətləndirilə bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az