“Liderlərin kameralar qarşısında Azərbaycan dilində danışması təsadüf deyil” - Kənan Novruzov

“Mən siyasətdə təsadüflərə inanmıram. Xüsusilə dövlət və hökumət başçıları heç vaxt hesablanmamış və təsadüfi addımlar atmazlar. Prezident İlham Əliyevlə digər dövlət rəhbəri arasında baş tutan dialoqun bu qədər ictimailəşdirilməsi, kameralar qarşısında Azərbaycan dilində aparılması təsadüf hesab edilə bilməz. Bu, əvvəlcədən hesablanmış və hazırlanmış bir hadisə idi. Əsas məqsəd liderlərin mesajını ictimaiyyətə çatdırmaq və dialoqun görünməsini təmin etmək idi. Hər iki tərəf, görünür, bu ictimailəşməni önəmli hesab edirdi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Çində İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı “Barışdınız?” sualı diqqət mərkəzinə düşüb və müxtəlif təhlillərə yol açıb. Ekspertlərin və ictimaiyyətin bəziləri bu sualın Rusiya Prezidenti Vladimir Putinlə bağlı olduğunu bildirir. Əliyevin verdiyi “bəli” cavabı isə liderlər arasında gizli və ya kameralardan kənar görüşün olub-olmaması barədə müzakirələrə səbəb olub.

Siyasi şərhçi bildirib ki, açıqlamada həm Ermənistanla barışmaq, həm də Rusiyayla münasibətlərin tənzimlənməsi məsələsi gündəmə gələ bilər.

“Lakin mən tam olaraq Rusiyaya yönəlmiş bir mesaj görmürəm və əksinə, Ermənistan istiqamətini daha önəmli hesab edirəm. Bununla yanaşı, İran bu addımı ilə Azərbaycanın siyasətini dəstəklədiyini göstərdi və Bakının qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq istəyini təsdiqlədi. Əsas məqam budur: dialoq rəsmi olaraq planlaşdırılmış və strateji məqsəd daşıyırdı”.

Rəfiqə Namazəliyeva,

AzNews.az