Azad Məsiyev: Türkiyə regional gücdən qlobal gücə çevrilir

“Türkiyə regional gücdən qlobal gücə çevrilmə mərhələsindədir. Bu baxımdan, Türkiyə xarici siyasətində tam müstəqil xətt yürüdür. Baxmayaraq ki, NATO blokunun üzvüdür, “yurdda sülh, cihanda sülh” fəlsəfəsini həyata keçirmək üçün müstəqil addımlar atır. Hətta NATO-nun maraqlarına uyğun olmasa belə, Türkiyə öz qərarlarını özü verir. Bildiyiniz kimi, Rusiya–Ukrayna münaqişəsində də Türkiyə müstəqil siyasət həyata keçirir. Türkiyə NATO-nun maraqlarına deyil, öz xalqının və dövlətinin mənafeyinə uyğun davranır. Bu səbəbdən də regional gücdən qlobal gücə çevrilməkdədir. Türkiyənin sürətlə yüksələn nüfuzu böyük dövlətləri və bu gücü qəbul etməyən qüvvələri ciddi narahat edir. Buna görə də Türkiyə həm hərbi, həm də iqtisadi gücünü gücləndirməklə yanaşı, əhalisinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif layihələr həyata keçirməyə məcburdur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Türkiyənin bütün 81 vilayətində müasir sığınacaqların inşası gündəmin əsas mövzularından birinə çevrilib. Rəsmi açıqlamalarda bildirilir ki, layihənin məqsədi vətəndaşların müharibə, təbii fəlakət və ya nüvə sızıntısı kimi fövqəladə hallarda təhlükəsizliyini təmin etməkdir. Lakin Avropada da oxşar addımların atılması ilə bağlı xəbərlər fonunda bu təşəbbüs cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial müzakirələrdə Türkiyənin yeni müharibəyə hazırlaşdığı barədə fikirlər irəli sürülür.

Siyasi şərhçi qeyd edib ki, beynəlxalq aləmdə qaydaları hüquq yox, güc diktə edir.

““Güclüsənsə, haqlısan” prinsipi artıq beynəlxalq münasibətlərdə əsas meyara çevrilib. Bu baxımdan, Türkiyə də dövlətinin və xalqının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır: iqtisadi müstəqilliyini möhkəmləndirir, inkişafı təmin edir və ordusunu gücləndirir. Dünya prosesləri göstərir ki, böyük güclər, xüsusilə də ABŞ, Türkiyənin ətrafında qaynar ocaqlar yaradaraq onu münaqişəyə sürükləməyə çalışırlar. Türkiyə isə terrora qarşı təkbaşına mübarizə apararaq bu sahədə mühüm uğurlar əldə edib. Hazırda isə regional gücdən qlobal gücə çevrilməklə yanaşı, türk dövlətləri fonunda “Turan İttifaqı”nın yaranması prosesi gündəmdədir. “Bir millət, bir ittifaq” ideyası güclənməkdədir və Türkiyə bu prosesin lokomotiv dövlətidir. Məhz buna görə də müəyyən qüvvələr bu birliyin qarşısını almağa çalışır. Türkiyə lokomotiv dövlət olaraq bütün sahələrdə öz təhlükəsizliyini qorumağa məcburdur. Bununla yanaşı, qonşularla münasibətlərdə, xüsusilə də Suriyada sülhün əldə edilməsi üçün siyasi və dinc yolla addımlar atır. Əgər Türkiyənin bu xoş niyyəti qəbul olunmazsa və əksinə güc nümayiş etdirilərsə, təbii ki, Türkiyə adekvat cavab verəcək. Qlobal baxışda isə artıq dünya çoxqütblü sistemə keçid edir. Birqütblü dünya özünü doğrultmadığı üçün ədalətin bərqərar olması yalnız çoxqütblü düzəndə mümkündür. Bu sistemdə Türkiyə də regional gücdən qlobal gücə çevrilməli və türk dövlətlərinin birliyi fonunda Turan İttifaqının yaranması əsas hədəflərdən biri olmalıdır”.

Siyasi şərhçi əlavə edib ki, bu prosesdə müxtəlif təxribatların baş verməsi ehtimalı yüksəkdir:

“Türkiyəni Yunanıstanla qarşıdurmaya çəkməyə çalışırlar. Qonşu dövlətlər də böyük güclərin əlində alətə çevrilərək Türkiyəni təxribata sürükləmək niyyətindədirlər. Belə vəziyyətdə Türkiyə öz nüfuzunu və təhlükəsizliyini qorumaq üçün güc nümayiş etdirmək məcburiyyətində qalır. Gələcəkdə hər hansı təhlükə yaranacağı halda, Türkiyə ilk növbədə öz əhalisini qorumaq üçün tədbirlər görəcək. Artıq Türkiyə dünya miqyasında iqtisadi və enerji mərkəzinə çevrilib: neft və qaz kəmərləri, yaşıl enerji layihələri onun üzərindən Avropaya ötürülür. Bununla yanaşı, Türkiyə həm də siyasi və hərbi gücünü artırır. Lakin bu güc Avropa və ABŞ tərəfindən qısqanclıqla qarşılanır və qəbul edilmir. Buna görə də müxtəlif vasitələrlə Türkiyəni münaqişəyə cəlb etməyə çalışırlar. Ümumiyyətlə, Türkiyə hər sahədə özünü qoruma tədbirlərini həyata keçirir. Bu layihələr həm əhalinin təhlükəsizliyinin, həm də dövlətin gələcək sabitliyinin təmin olunması üçün atılan addımlardır. Çünki hadisələrin gedişi göstərir ki, beynəlxalq münasibətlər güc amili ilə tənzimlənir. Türkiyə də baş verə biləcək xoşagəlməz proseslərə hazır olmaq üçün lazımi tədbirlər görməkdədir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az