Mübariz Göyüşlü: Azərbaycan hərbi gücünü yalnız müdafiə məqsədilə artırır

“Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda hərbi balansın dəyişməsi arzuolunan müsbət hal deyil. Çünki bu region kifayət qədər həssasdır. Burada sürətli silahlanma, xüsusilə də Ermənistanın millətçi-militarist mövqe tutması vəziyyəti daha da gərginləşdirir. Məhz buna görə Azərbaycan öz hərbi arsenalını və müdafiə potensialını gücləndirir. Bizim məqsədimiz heç bir dövlətə təcavüz və ya aqressiya nümayiş etdirmək deyil. Azərbaycanın əsas niyyəti yalnız öz suverenliyini və ərazi bütövlüyünü qorumaqdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Cənubi Qafqazda dəyişən hərbi balans bölgənin həssaslığını daha da artırır. Ermənistanın sürətli silahlanma siyasəti fonunda Azərbaycanın mövqeyi diqqət çəkir. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, hərbi gücün artırılması aqressiya deyil, yalnız suverenlik və ərazi bütövlüyünün qorunmasına yönəlib. Siyasi şərhçilərin qənaətinə görə, Ermənistanın balansı dəyişmək cəhdləri Azərbaycanın təhlükəsizlik strategiyasına təsir göstərə bilməz.

Siyasi şərhçi bildirib ki, Ermənistanın hərbi balansı dəyişmək cəhdləri Azərbaycanın təhlükəsizlik strategiyasına təsir göstərmir.

“Azərbaycanın ordusu və müdafiə potensialı Ermənistan ordusundan qat-qat güclüdür. Ermənistan nə qədər silah toplasa da, Azərbaycanın dövlətinə və ordusuna qarşı real təhlükə yarada bilməyəcək. Ona görə də Ermənistan anlamalıdır ki, silahlanma yarışına girmək əbəsdir. Əksinə, Azərbaycanın sülh və əməkdaşlıq təkliflərinə razılıq verərək Cənubi Qafqazın sabit və təhlükəsiz bir regiona çevrilməsi istiqamətində addımlar atması ən doğru yoldur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az