"Dünya siyasəti beynəlxalq hüquqla deyil, gücün qanunları ilə idarə olunur” - Azad Məsiyev

“Dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir, dünya siyasəti gücün qanunları ilə idarə olunur. Hazırda dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə xaos hökm sürür. Bu xaosun yaranmasında əsas rol uzun illər davam edən birqütblü sistemin mövcudluğuna aiddir. Başda ABŞ olmaqla Qərb dünyası qlobal siyasəti öz maraqları çərçivəsində tənzimləməyə çalışır. Bu yanaşma dünyada xaosun yaranmasına səbəb olub. Xaos həm iqtisadi sahədədir, həm də hərbi sahədə. Təəssüflər olsun ki, dünya siyasəti beynəlxalq qanunlardan deyil, gücün qanunundan idarə olunur: güclü olan haqlıdır və gücünü öz maraqlarını həyata keçirmək üçün istifadə edir. Bu səbəbdən dünya indiki vəziyyətə gəlib çıxıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) baş nazirlər səviyyəsində Qırğızıstanda keçirilən toplantısı böyük diqqət çəkib. Bu, təşkilat tarixində ilk yüksək səviyyəli iclas kimi qiymətləndirilir və müşahidəçilər tərəfindən TDT-nin yalnız mədəni əməkdaşlıq platforması olmaqdan çıxaraq, daha çevik və funksional siyasi quruma çevrildiyinin göstəricisi kimi dəyərləndirilir.

Siyasi şərhçi bildirib ki, artıq dünya çoxqütblü sistemə keçid mərhələsindədir.

“Bu sistemdə, məsələn, Türk Dövlətləri Təşkilatı hansı qütbün təsiri altında olacaq, sualı aktuallaşır. Bu baxımdan Türkiyə Prezidentinin “Dünya beşdən böyükdür” fikri yerinə düşür. Dünyada 1.600-dən çox millətin təşkil etdiyi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri artıq ədaləti bərpa edə bilmir. Ona görə də dünya çoxqütblü sistemə keçməlidir. Türk Dövlətləri Təşkilatı bu yeni güc mərkəzlərindən biri kimi formalaşır. Turan İttifaqının yaranması tarixi zərurətdən doğur, çünki Qərb dünyası və Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir sistemə çevrilib. 1-ci və 2-ci dünya müharibələri, eləcə də indiki Ukrayna münaqişəsi göstərir ki, Avropa sivilizasiyası çox milyonlarla insanın ölümünə səbəb olan müharibələr yaratmışdır. Nüvə silahlarının işə salınması təhlükəsi də aktuallığını qoruyur. Beləliklə, Avropa sivilizasiyası artıq bəşəriyyət üçün təhlükədir. Dünya üçün yeni sivilizasiyanın, Turan sivilizasiyasının meydana gəlməsi zəruridir. Turan sivilizasiyası Türk Dövlətləri Təşkilatının fonunda, Turan İttifaqı olaraq yaranmalıdır. Bu sivilizasiya bir millət, bir ittifaq prinsipi ilə 5 milyon kvadrat kilometrdən çox ərazini və təxminən 200 milyon əhalini birləşdirəcək. Uzaq Çinlə Aralıq dənizi və Qara dənizə qədər uzanan geniş coğrafiya Turan sivilizasiyasının strateji əhəmiyyətini göstərir. Bu sivilizasiyanın yaranması üçün bir sıra proseslər həyata keçirilməlidir. Bunlardan biri mənəvi inteqrasiyadır: ortaq ideologiya və ortaq dilin formalaşması, ortaq əlifbanın qəbul edilməsi vacibdir. İqtisadi inteqrasiya da eyni dərəcədə mühümdür: ortaq valyuta, ödəniş sistemi və qarşılıqlı sərmayələrin təşkili Avropanın və ABŞ-ın təzyiqlərindən uzaqlaşmaq üçün lazımdır. Siyasi inteqrasiya isə ortaq parlamentin və ortaq təhlükəsizlik sisteminin yaradılması ilə təmin edilməlidir”.

Siyasi şərhçi əlavə edib ki, bütün bu mərhələlər tamamlandıqdan sonra Türk Dövlətləri Təşkilatı vahid güc mərkəzi kimi fəaliyyət göstərərək təhlükəsizliyi təmin edə biləcək:

“Bu proses mərhələli şəkildə gedir və zaman tələb edir. Buna görə də Türk Dövlətləri Təşkilatının mədəni, iqtisadi və siyasi müstəvilərdə müntəzəm görüşlər keçirməsi, baş nazirlər, xarici işlər nazirləri, mədəniyyət nazirləri və prezidentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycan və Türkiyə bu prosesin lokomotivləridir. Prezident İlham Əliyevin “Bizim evimiz Avropa deyil, Türk dünyası evidir” ifadəsi Türk Dövlətləri Təşkilatına aydın mesajdır. Azərbaycan Orta Asiya respublikaları ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı sürətləndirir. Müstəqil dövlətlər bu platformada və Türk Dövlətləri Təşkilatında əməkdaşlığı genişləndirirlər. Bəzi ekspertlər Turan İttifaqının Rusiyaya qarşı yönələcəyini iddia etsələr də, əslində bu doğru deyil. Turan İttifaqı ABŞ və digər xarici güclərin Orta Asiyaya müdaxiləsinin qarşısını alaraq, regionda Rusiyanın təhlükəsizliyinə də dəstək verəcək. Turan İttifaqı dünyada sülhün və ədalətin bərqərar olunmasına töhfə verəcək bir ittifaq olacaq. Hazırda dünyada həm iqtisadi, həm də hərbi xaos hökm sürür. ABŞ və Qərb dünyası qlobal siyasəti birqütblü sistem çərçivəsində idarə etməyə çalışır, buna əməl etməyən dövlətləri təzyiq və şantaj vasitəsi ilə nəzarət altına alırlar. Bu baxımdan Turan İttifaqı yeni dünyanın formalaşmasında, ədalətin bərqərar olunmasında və dünya siyasətinin beynəlxalq hüquq əsasında tənzimlənməsində mühüm rol oynayacaq. Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin müxtəlif strukturlarla, səviyyələrlə — baş nazirlər, xarici işlər nazirləri, mədəniyyət nazirləri və prezidentlər səviyyəsində — müntəzəm əməkdaşlıq aparması Turan İttifaqının formalaşmasının yolunu açır. Bir millət, bir ittifaq prinsipinə əsaslanan Turan İttifaqı bəşəriyyət üçün yeni siyasi və strateji dəstək sistemi yaradacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az