“Ukraynadakı savaş əslində NATO ilə Rusiya arasında gedir” - Azad Məsiyev

“Başda ABŞ olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. Məhz bu səbəbdən NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsi proqramı işə düşdü və bu proqram da SSRİ dağıldıqdan sonra həyata keçirilməyə başlandı. Dəfələrlə Rusiya Prezidenti açıq şəkildə bəyan etmiş, rəsmi qaydada ABŞ rəhbərliyinə və NATO rəhbərliyinə məktubla müraciət edərək NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinə aydınlıq gətirilməsini tələb etmişdi. Lakin Rusiya Prezidentinin bu çağırışlarına məhəl qoyulmadı və nəticədə Ukrayna münaqişəsi yarandı. Rusiya–Ukrayna münaqişəsi ABŞ-ın strateji proqramının tərkib hissəsidir. Yəni əvvəlcədən ABŞ tərəfindən planlaşdırılmış, təşkil edilmiş və Rusiyanın münaqişəyə cəlb olunması ssenarisi həyata keçirildi. Hətta ABŞ Prezidenti Tramp da açıq şəkildə bildirib ki, bu münaqişəni Bayden yaradıb, yəni Amerika yaradıb. Məqsəd Rusiya–Ukrayna münaqişəsi vasitəsilə Avropada uzunmüddətli gərginlik yaratmaqdır. Çünki ABŞ-ın hədəfi Avropa ilə Rusiyanın Ukrayna müstəvisində uzun müddət davam edən bir münaqişəyə sürüklənməsidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Rusiyanın Avropaya qarşı təhdidləri artır, Polşa, Estoniya və digər ölkələrin hava məkanı tez-tez pozulur, amma NATO cavab vermir. Çexiya Prezidenti MiQ-31-lərin vurulmalı olduğunu bildirib, Tramp isə bu təhdidləri şübhə altına alıb. Rusiya XİN sözçüsü Zaxarova əvvəl inkar etdiyi təhdidləri sonradan dolayısı ilə etiraf edib.

Siyasi şərhçinin fikrincə, əslində Ukrayna ərazisində baş verənlər NATO ilə Rusiya arasında gedən bir müharibədir.

“Bu savaşda Avropa Birliyi ölkələri daha fəal iştirak edir: həm maliyyə, həm siyasi, həm də hərbi yardım göstərirlər. Bütün vasitələrlə Avropa dövlətləri bu münaqişəyə cəlb olunub. Dəfələrlə cəhdlər olub ki, NATO ilə Rusiya arasında rəsmi müharibə başlasın. Bir hadisəni xatırlamaq yerinə düşər: Bayden bu məsələni araşdırmaq üçün tapşırıq vermiş və müəyyən olunmuşdu ki, Polşaya düşən raket Ukraynadan atılmışdı. Burada Rusiyanın heç bir rolu olmamışdı. Məsələ ondan ibarət idi ki, Ukrayna ilə Polşa arasında gizli bir əməliyyat həyata keçirilmişdi ki, NATO münaqişəyə cəlb edilsin. Bu ssenari ABŞ-la razılaşdırıldığı üçün məsələ ört-basdır edildi. Bu kimi təxribatlar tez-tez baş verir və Amerikanın apardığı psixoloji müharibə çərçivəsində, xüsusilə Avropa ilə Rusiya arasında yaranmış gərginlik fonunda müxtəlif ssenarilər işə salınır. Məqsəd isə sadədir: Avropa ilə Rusiya arasında uzunmüddətli münaqişə yaratmaq. Son vaxtlar Polşa üzərində dronların uçuşu, Baltik respublikaları üzərində Rusiyanın hava sərhədlərini pozması barədə xəbərlər Qərb mediasında geniş şəkildə tirajlanır, psixoloji təbliğat aparılır. Rusiya isə dəfələrlə bu iddiaları təkzib edib. Görünən odur ki, hər iki tərəf psixoloji müharibə aparır. Rusiya yaxşı bilir ki, NATO-ya üzv ölkələrdən birinə hərbi zərbə endirərsə, NATO-nun nizamnaməsinin 5-ci maddəsi işə düşəcək və “bir üzvə hücum hamıya hücum” kimi qiymətləndiriləcək. Bu səbəbdən Rusiya ekspertləri də, hərbçiləri də ikinci cəbhənin açılmasını məqsədəuyğun saymır. Onların fikrincə, ikinci cəbhənin açılması yalnız Qərbin maraqlarına xidmət edir. Bunu Gürcüstan nümunəsində də gördük. Gürcüstanın baş naziri və prezidenti dəfələrlə bəyan ediblər ki, Avropa dövlətləri ölkəni Rusiyayla münaqişəyə cəlb etmək üçün təzyiq göstərirlər. Lakin Tbilisi indiki hakimiyyət dövründə bu təklifləri qəbul etmir, çünki Rusiyayla müharibəyə girmək Gürcüstan xalqının maraqlarına ziddir. Buna baxmayaraq, Avropa ekspertləri və beyin mərkəzləri Rusiyanın ikinci cəbhə açmasını istisna etmir, əksinə, bunu gündəmdə saxlamağa çalışır. Bu da psixoloji müharibənin, beynəlxalq ictimai rəyi formalaşdırmaq cəhdlərinin tərkib hissəsidir”.

Siyasi şərhçi əlavə edib ki, Qərbin beyin mərkəzləri hazırladıqları ssenari ilə Rusiyanı ikinci cəbhəyə cəlb etməyi hədəfləyirlər:

“Halbuki, hərbi və siyasi ekspertlər hesab edirlər ki, hazırkı dövrdə Rusiyanın ikinci cəbhə açması onun maraqlarına uyğun deyil, bu, yalnız Qərbin maraqlarına xidmət edir. Məqsəd Rusiyanı zəiflətmək, Ukrayna cəbhəsindəki əməliyyatlarını zəiflədərək onu sülh danışıqlarına məcbur etməkdir. Qərbin maraqlarına uyğun bu təxribatların məqsədi Ukraynadakı müharibəni yayındıraraq Rusiyanı əlavə hərbi yük altına salmaqdır. Rusiya isə dəfələrlə bildirib ki, Polşa üzərindən dron məsələsi və ya Estoniya istiqamətindəki iddialar uydurmadır. Bu hadisələr dərin siyasi təhlil tələb edir. Qərbin apardığı psixoloji müharibənin təsiri ilə emosional qərar vermək düzgün olmaz. Əksinə, məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Digər tərəfdən, ABŞ Prezidenti Tramp ilə Putin arasında isti münasibətlər mövcuddur və onlar bir-birini yaxşı anlayırlar. Bu isə Avropanı narahat edir. Belə təxribatlarla Qərb Rusiya–ABŞ münasibətlərində gərginlik yaratmaq, Tramp ilə Putin arasında soyuqluq salmaq və Trampın qarşısına maneələr qoymaq istəyir. Əslində isə Avropa dövlətləri anlamalıdırlar ki, Ukrayna müstəvisində Rusiya ilə Avropanın uzunmüddətli qarşıdurması ABŞ-ın strateji planının bir hissəsidir. Amerikanın strateji baxışına görə, dünyada üç əsas təhlükə mənbəyi var: hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin və maliyyə gücünə görə Avropa İttifaqının vahid valyutası – avro. ABŞ çalışır ki, Rusiya ilə Avropa arasında münaqişə uzun müddət davam etsin. Bu halda Avropa iqtisadiyyatı zəifləyəcək, hətta çökə bilər. Belə olarsa, avro dünya bazarında dollara rəqib ola bilməyəcək. ABŞ-ın gücü isə dollarda cəmləşir. Ona görə də ABŞ üçün hər hansı rəqabət yaradan valyuta imperiyanın maraqlarına təhlükə sayılır”.

Siyasi şərhçi sonda vurğulayıb ki, məhz bu səbəbdən ABŞ-ın uzunmüddətli strategiyası mövcuddur:

“Hakimiyyətə kim gəlməsindən asılı olmayaraq bu strategiya qorunur və ona xidmət edilir. ABŞ strategiyasına görə, avro maliyyə gücünə, Rusiya isə hərbi gücünə görə ABŞ imperiyasına təhlükədir. Buna görə də Avropa ilə Rusiya arasında siyasi və hərbi qarşıdurma yaradılır ki, ABŞ maraqları təmin olunsun. Nəticədə Ukrayna müstəvisində uzunmüddətli müharibə aparılmalı, Avropa iqtisadiyyatı çökməli və avronun mövqeyi zəifləməlidir. Bütün bu psixoloji müharibə ssenarilərinin arxasında ABŞ dayanır. Hətta hava məkanının pozulması barədə yayılan məlumatlar da ABŞ tərəfindən gündəmə gətirilir ki, Avropa dövlətlərinə mesaj verilsin: “Əgər mən olmasam, siz daha böyük təhlükə ilə üzləşəcəksiniz.” Ümumilikdə Avropada baş verən proseslər ABŞ-ın strateji planlarının tərkib hissəsidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az