Milli Məclis üzvü: “Azərbaycanın etibarlı enerji tərəfdaşı imici möhkəmlənir”

“Bu əməkdaşlıq konsepsiyası Azərbaycanın dayanıqlı və müasir şəhərsalma prosesində öncül mövqeyinin bariz göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ölkəmizin dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsini təşkil edir. Bu ərazilərdə “yaşıl zona”nın yaradılması və 2030-cu ilədək “netto-sıfır” emissiya öhdəliyinin götürülməsi Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının hədəflərinə sadiqliyini təsdiqləyir. Azərbaycan 2026-cı ildə 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu tədbir ölkəmizin dayanıqlı şəhərsalma təcrübələrinin dünyaya təqdim olunması və BƏƏ ilə əməkdaşlıq çərçivəsində “Şəhər içində şəhər” konsepsiyasının tanıdılması üçün əhəmiyyətli fürsət yaradacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding” şirkəti arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafına dair əməkdaşlıq sazişi imzalanıb. Saziş Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində reallaşıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıblar. Tədbirdə Baş nazirin müavini Səmir Şərifov və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydi (Mohamed Hassan Alsuwaidi) iştirak ediblər. Ekspertlərin fikrincə, regionda bərpaolunan enerji layihələrinin genişlənməsi, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı nəqliyyat şəbəkələrinin qurulması ölkələrin rəqabət qabiliyyətini artıracaq. İnvestisiyaların cəlbi və regional əməkdaşlığın dərinləşməsi isə Mərkəzi Asiya və Cənubi Qafqazın qlobal enerji xəritəsində strateji əhəmiyyətini daha da gücləndirəcək.

Deputat qeyd edib ki, Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq, xüsusilə enerji sahəsində, beynəlxalq diqqət mərkəzindədir.

“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bərpaolunan enerji sahəsində BƏƏ şirkətləri ilə tərəfdaşlıq strateji əhəmiyyət daşıyır. Ölkəmizdə istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyası da bu əməkdaşlığın nəticəsidir. Yaxın illərdə bir neçə giqavat gücündə yaşıl enerji layihələrinin BƏƏ-nin dəstəyi ilə reallaşdırılması planlaşdırılır. “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi nəhəng Günəş Elektrik Stansiyası isə MDB məkanında ən iri layihə hesab olunur. Şuşada keçirilən görüş çərçivəsində enerji, nəqliyyat, turizm, süni intellekt, təhsil və biznes sahələrini əhatə edən 15-dən çox sənəd imzalanıb. Onların arasında Enerji və bərpaolunan enerji üzrə Anlaşma Memorandumları, turizm və mədəniyyət sahəsində əməkdaşlıq sazişləri, rəqəmsal inkişaf və süni intellekt üzrə razılaşmalar, həmçinin SOCAR və ADNOC arasında strateji əməkdaşlıq sazişi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu gün dünyada etibarlı enerji tərəfdaşı kimi tanınır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol beynəlxalq etimadı artırır, yeni tərəfdaşlıqlar və investisiya imkanlarının qarşısını açır. Bu, həm də regional əməkdaşlıqların dərinləşməsinə, Azərbaycanın Yaxın və Orta Şərqlə iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az