- Siyasi müzakirə
- 17:13
- 938
“NATO Rusiyanın hava pozuntularına sərt cavab vermir” - Həşim Səhrablı

“Burada bir neçə nüans var və biz bunu iki əsas istiqamətdə dəyərləndirməliyik. Birincisi, ABŞ Avropanı Rusiyanın vasitəsi ilə cəzalandırır. İkincisi isə, Rusiya Avropanı birbaşa müharibəyə sürükləməyə çalışır. Məsələ nədən ibarətdir? Birinci versiya reallığa daha yaxındır və bu istiqamətdə danışa bilərik. Avropa, xüsusən Fransa, öz qərb bloku daxilindəki mövqeyindən istifadə edərək beynəlxalq münasibətlərdə – Afrikada, bölgəmizdə, Yaxın və Uzaq Şərqdə – ABŞ ilə rəqabətə girməyə çalışır. Bu da ABŞ-ın xoşuna gəlmir, çünki Avropa öz müstəqil mövqeyini gücləndirərək, dünya səhnəsində əsas söz sahibi olmaq uğrunda qeyri-bərabər rəqabətə daxil olub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Rusiyanın Avropanı təhdid etməsi artan xətt üzrə davam edir. Polşa, Estoniya, Macarıstan və digər Şərqi Avropa ölkələri, hətta Almaniya hava məkanı rus qırıcı təyyarələri və dronları tərəfindən tez-tez pozulur. NATO-nun bu təhdidlərə qarşı effektiv cavab verməməsi isə Qərb daxilində ciddi narazılıqlara və fikir ayrılıqlarına səbəb olub. Beynəlxalq hüquqa əsasən, NATO bu təhdidlərə qarşı hava qüvvələrini havaya qaldıraraq Rusiya təyyarələrini vurmalı idi. Çexiya Prezidenti də bildirib ki, Rusiyaya məxsus MiQ-31-lər vurulmalı idi. Lakin bu addım atılmadı. Əksinə, ABŞ-da Donald Tramp səviyyəsində Rusiyanın Estoniya və Polşaya qarşı təhdidləri şübhə altına alındı. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da əvvəl inkar etdiyi bu təhdidlərin sonradan üstüörtülü şəkildə etirafını verdi.
Siyasi şərhçi bildirib ki, ABŞ bu vəziyyətdə sərt reaksiya göstərmir ki, Avropa təhlükəni daha yaxından hiss etsin.
“Avropa, Rusiya təhlükəsini öz səmasında və sərhədlərində gördükcə, təbii ki, ABŞ ilə bir sıra məsələlərdə ortaq məxrəsə gəlib əməkdaşlıq etməyə çalışacaq. Buna baxmayaraq, əvvəlki dövrlərdə Fransa bir sıra məsələlərdə ABŞ maraqlarına zidd addımlar atmaqdan çəkinmirdi və özünü dünyanın əsas ölkəsi kimi göstərməyə çalışırdı. Eyni zamanda Britaniya və Almaniyanın son illərdəki siyasətləri də ABŞ maraqlarına tam uyğun deyildi. Trump administrasiyası dövründə Çin-Avropa münasibətlərinin inkişafı və “Bir Kəmər, Bir Yol” təşəbbüsü ABŞ üçün ciddi təhlükə kimi qəbul edilmirdi. Bu isə göstərir ki, Amerika Rusiya faktını ön plana çıxarmaqla Avropanı cəzalandırır və Avropanın ABŞ-a olan ehtiyacını ortaya qoyur. Mənə elə gəlir ki, bu mərhələdən sonra ABŞ Avropa və Rusiya arasındakı qarşıdurmada maraqlı olacaq. Bu proses kollektiv formada və ya Avropa İttifaqının öz mexanizmləri ilə həyata keçirilə bilər. Bunun əsas məqsədi isə budur ki, Çin təhlükəsi böyüyür, ABŞ bütün dünyada enerji və təsir imkanlarını tam istifadə edə bilmir və gücü tükənmək üzrədir. ABŞ Rusiyanı məğlub edə bilməsə belə, ən azı onu neytrallaşdırmaq üçün Avropanı onunla qarşı-qarşıya gətirəcək. Bundan sonra isə ABŞ dünya liderliyi uğrunda mübarizədə Çin mövqelərini sarsıtmaq və onu dünya siyasətindən təcrid etmək üçün hər hansı vasitədən istifadə edəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az