- Siyasi müzakirə
- 24 Sentyabr 2025 19:42
- 12 406
“Azərbaycan–İran yaxınlaşması regionda sülhə xidmət edəcək” - Hikmət Babaoğlu
“İran və Azərbaycan ortaq coğrafi məkanı paylaşan iki qonşu ölkədir və əslində, şimaldan cənuba doğru İran ərazisi Azərbaycanın davamıdır. Ona görə də Azərbaycan həmişə İranla münasibətlərin yüksək səviyyədə olmasını dəstəkləyib və müxtəlif təşəbbüslərlə çıxış edib. Təəssüf ki, İrandakı bəzi siyasi, imperiya ambisiyaları münasibətlərin yeni mərhələyə keçməsinə müəyyən maneələr yaradır. Əgər İran bu ambisiyalardan imtina etsə, Azərbaycan və İran arasında böyük perspektivlər açılar və çoxsaylı layihələr həyata keçirmək mümkün olar. Sevindirici haldır ki, bu gün İranda siyasi rəhbərlik daha çox pragmatik siyasətçilərin əlindədir. Hörmətli cənab Məsud Pezeşkian qonşularla əlaqələrin genişləndirilməsinə, iqtisadi mənafelərin önə çəkilməsinə və münasibətlərin dərinləşdirilməsinə çalışır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, son dövrlərdə regiondakı siyasi proseslər fonunda Azərbaycan-İran münasibətləri diqqət mərkəzindədir. İqtisadi əməkdaşlıq və birgə layihələrin gələcəyi müzakirə olunub. İran Prezidenti Məsud Pezeşkian Azərbaycan-İran Hökumətlərarası Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyevin salamları çatdırılıb, tərəflər əməkdaşlığın inkişafının və layihələrin davamlı həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Deputat bildirib ki, ideoloji təzyiq və imperialist ambisiyalar aradan qalxdıqda, Məsud Pezeşkianın həyata keçirdiyi siyasi-iqtisadi xətt həm Azərbaycan, həm də İran üçün böyük gələcək vəd edir.
“Bu kontekstdə hazırda digər qonşu ölkələrin də maraq göstərdiyi mühüm layihələr müzakirə olunur. Onlardan biri Şimal–Cənub nəqliyyat dəhlizi, digəri isə Rusiyadan İrana ötürülməsi nəzərdə tutulan qaz sazişidir. Eyni zamanda, şimal ölkələrinin Azərbaycan–İran marşrutu üzrə Kəngər körfəzi, oradan isə açıq okeanlara çıxış məsələsi gündəmdədir. Məncə, İran–Azərbaycan yaxınlaşması regionda sülhə xidmət edəcək və bu prosesdə Türkiyə və Rusiya da iştirakçı ola bilərlər. Yəni, daha geniş formatda, böyük regional əməkdaşlıq platformasının yaradılması mümkündür. Qeyd edim ki, bu ideya postmüharibə dövründə Azərbaycan və Türkiyə tərəfindən də irəli sürülmüşdü. Bəzi səbəblərə görə həmin platformanın işlək mexanizmə çevrilməsi hələlik mümkün olmayıb. Lakin Rusiya, Türkiyə, İran və Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar ata bilərlər. Qərbin bu münasibətlərə yanaşmasına gəldikdə isə düşünürəm ki, hazırda Qərbin bu əməkdaşlığa ciddi təzyiq göstərə biləcək, yaxud onun dərinləşməsinə mane olacaq real alətləri yoxdur. Əslində isə bu cür əməkdaşlıq Qərbin bəzi maraqlarına da cavab verə bilər. Çünki iqtisadiyyat nə qədər siyasətdən kənar və tərəfsiz olsa, bir o qədər də böyük qazanc əldə etmək mümkündür”.
Rəfiqə Namazəliyeva,
AzNews.az