- Siyasi müzakirə
- 20:01
- 1 680
“Paşinyan 2026 seçkilərinə indidən hazırlığa başlayıb” – Azər Həsrət
“Ümumilikdə, Paşinyanın rəhbərlik etdiyi partiyada vəziyyət elədir ki, burada əsasən anti-Rusiya və Qərb yönümlü qüvvələr cəmləşib. Təbii ki, bu xüsusiyyəti bütün üzvlərə aid etmək düzgün olmazdı, lakin partiyanın ümumi siyasi xətti bu istiqamətdə formalaşıb. Buna görə də partiya daxilində kimin önə çıxması və ya arxa planda qalması həlledici faktor sayılmır. Əslində, qərargaha kiminsə rəhbər gətirilməsi və siyasi proseslərin önündə kiminsə dayanması birbaşa Paşinyanın seçiminə bağlıdır. Ermənistan da regiondakı digər ölkələr kimi şərq mədəniyyətinə xas idarəçilik xüsusiyyətlərini qoruyur — burada rəhbərin sözü və mövqeyi bir qayda olaraq üstünlük təşkil edir. Bu səbəbdən, Paşinyanın dəstəklədiyi şəxsin partiya daxilində irəli çıxması tamamilə təbiidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” Partiyasının iclasında 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə bağlı qərargaha rəhbərlik edəcək şəxsin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə partiya üzvləri arasında səsvermə keçirilib və bir sıra namizədlər irəli sürülüb. “Hraparak” nəşrinin məlumatına görə, ilkin mərhələdə iqtisadiyyat naziri Gevorq Papoyan və baş nazirin aparat rəhbəri Araik Arutyunyan əsas namizədlər kimi önə çıxıblar. Nəticədə keçirilən yekun səsvermədə Arutyunyan qalib gəlib. Maraqlıdır ki, partiyanın idarə heyətində Paşinyandan sonra ikinci şəxs sayılan Papoyan məğlub olub. Eyni zamanda, mediada Araik Arutyunyanın “boz kardinal” kimi təqdim edildiyi və partiya daxilində əsas nəzarətin məhz onun əlində olduğu qeyd olunur. İddialara görə, parlamentin sədri Alen Simonyan da qərargah rəhbəri postuna namizədliyini irəli sürsə də, onun müraciəti qəbul edilməyib.
Siyasi şərhçinin fikrincə, Paşinyan artıq 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıq prosesinə start verib.
"O, bu seçkilərə qədər, bir tərəfdən, partiya daxilində parçalanmanın qarşısını almaq, digər tərəfdən isə cəmiyyət qarşısında monolit bir qüvvə təsiri yaratmaq istəyir. Buna görə də qarşıdakı aylarda partiya daxilində veriləcək qərarlar, aparılacaq təyinatlar onun üçün xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Alen Simonyan və ya digər partiya üzvlərinin ön plana çıxmaması qeyri-adi hadisə deyil. Əksinə, bu, partiyanın vahidliyini qorumağa yönəlmiş məqsədyönlü addımların nəticəsidir. Həm də rəhbərlik elə bir şəxsi önə çıxarmağa çalışır ki, həmin şəxs həm partiya daxilində, həm də cəmiyyət arasında qəbul oluna bilsin. Çünki istənilən seçkidə həlledici amil məhz partiyasız seçicilərin mövqeyi olur. Artıq nə Ermənistanda, nə Azərbaycanda, nə də ümumilikdə postsovet məkanında əvvəlki kimi totalitar idarəçilik sistemi qalmayıb. Yəni, yuxarıdan verilən göstərişlə hamının eyni adaya səs verməsi dövrü geridə qalıb. Ermənistan da bu istisna deyil. Belə bir şəraitdə, hakimiyyət partiyası olsa da, Paşinyan seçkilərlə bağlı mümkün riskləri və narahatlıqları indidən aradan qaldırmağa çalışır. Görünür, partiya rəhbərliyindəki son seçimin də əsas məqsədi bu sabitliyi təmin etmək olub. Azərbaycan baxımından isə bizi bu proseslərin daxili tərəfi deyil, onun bölgədəki sülh gündəminə təsiri maraqlandırır. Bizim üçün əsas olan odur ki, Ermənistanda baş verən siyasi proseslər sülh prosesinə zərər vurmasın və əldə olunan irəliləyişlərdən geri dönüş olmasın. Əgər sabah hakimiyyətə gələcək qüvvələr yenidən anti-Azərbaycan siyasətinə yönəlsələr, bu, təbii ki, arzuolunmaz nəticələrə gətirib çıxara bilər və Azərbaycan növbəti dəfə “sülhə məcburetmə” addımı atmaq məcburiyyətində qala bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az