“Rusiya münaqişənin siyasi reallıqlara uyğun həllini istəyir” – Azad Məsiyev

“Rusiya-Ukrayna münaqişəsi bir nəticədir və hər nəticənin bir səbəbi vardır. Fəlsəfədə buna səbəb və nəticə kateqoriyası deyilir. Nəticə öz-özünə yaranmır; onu doğuran səbəb mövcuddur. Bu baxımdan, Ukrayna münaqişəsini də doğuran bir səbəb vardır və əgər bu münaqişəni həll etmək, problemi köklü şəkildə aradan qaldırmaq istəyirlərsə, mütləq şəkildə bu səbəbə qiymət verilməli və aradan qaldırılmalıdır. Hazırda münaqişəni doğuran səbəblər barədə geniş danışılmır, yalnız atəşkəs çağırışları səslənir. Bu yanaşma münaqişənin təsadüfi yaranmış kimi təqdim olunmasına səbəb olur. Lakin böyük güclər münaqişəni həll etmək istəyirlərsə, mütləq şəkildə bu problemi doğuran səbəbə diqqət yetirməlidirlər. Ukraynada 2014-cü ildə baş verən hadisələr münaqişənin əsas başlanğıc nöqtəsidir. O zaman demokratiya iddiası altında çevriliş həyata keçirildi və hakimiyyətə qərb yönümlü qüvvələr gətirildi. Rusiya-Ukrayna münaqişəsi ABŞ-ın strateji planının bir tərkib hissəsi olaraq qiymətləndirilir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Qazaxıstan Ukraynadakı münaqişənin həlli üçün danışıqlar platforması rolunu oynamağa hazır olduğunu açıqlayıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Ukraynada atəşkəsin əldə olunması mümkündür və ölkəsi Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi etməyə hazırdır. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində atəşkəs təklifi ilə artıq irəliyə doğru mühüm addım atıb.

Siyasi şərhçinin fikrincə, münaqişənin yaxın gələcəkdə qısa müddət ərzində həll olunması real görünmür.

"Eyni zamanda, hazırda Ukrayna prezidenti və Ukrayna dövləti faktiki olaraq qərb tərəfindən idarə olunur. Zelenski öz qərarlarını müstəqil verirmiş kimi görünsə də, əslində qərb tərəfindən yönləndirilir. Bu səbəbdən Zelenski Ukrayna xalqının və dövlətin maraqlarına deyil, qərbin maraqlarına uyğun fəaliyyət göstərir. Bu da Ukraynanı faktiki olaraq cəhənnəmə çevirmiş olur. Qərb və Ukrayna rəhbərliyinin atəşkəs çağırışları Rusiyanın maraqlarına uyğun deyil. Əgər atəşkəs olsa, Ukrayna yenidən qərb tərəfindən silahlandırıla və gücləndirilə bilər, bu isə problemin yenidən dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan təcrübəsindən də məlumdur ki, 30 ilə yaxın müddətdə Ermənistanla əldə olunan atəşkəs problemi həll etmədi. Yaxın Şərqdə, Fələstin-İsrail münasibətlərində də bir neçə dəfə atəşkəs əldə olunsa da, əsas problem köklü şəkildə həllini tapmayıb. Rusiyanın mövqeyi odur ki, münaqişənin həlli üçün əvvəlcə onu doğuran səbəb aradan qaldırılmalıdır. Lakin hazırda müşahidə edilən situasiya əksini göstərir: qərb Ukraynaya müasir silahlar göndərir və münaqişənin uzanmasına hesablanmış siyasət həyata keçirir. Bu isə ən çox Ukrayna xalqına zərər verir. Rusiya şərtlərindən biri Ukraynanın neytral dövlətə çevrilməsidir. Lakin Zelenskinin bəyanatlarında NATO inteqrasiyası, qərb silahlarının Ukraynaya gətirilməsi və Avropaya inteqrasiya məsələləri gündəmə gətirilir. Bu siyasət Rusiyanın maraqlarına uyğun deyil. Ukrayna ilə Qərb və ya ABŞ-ın əməkdaşlığı Rusiyanın milli maraqlarına qarşı yönəlib. Buna görə də, Rusiyanın şərtləri qəbul edilmədikcə münaqişənin dayandırılması, atəşkəsin əldə olunması qeyri-mümkündür. Ukrayna dövləti ilkin olaraq hərbi bloklara qoşulmamaq və neytral mövqe götürmək barədə qərar qəbul etməlidir; bu addım yeni siyasi situasiya yaradacaq və münaqişənin həllinə imkan verəcək. Lakin hazırda əksinə situasiya müşahidə olunur: Ukrayna NATO ilə əməkdaşlığı davam etdirir və qərblə yaxın münasibətlər qurur. Rusiya münaqişədə üstün tərəfdir və vəziyyətin dərinliklərinə doğru irəliləyir. Atəşkəs yalnız müvəqqəti dayanma deməkdir; həqiqi həll demək deyil. Növbəti hərbi əməliyyatlar üçün atəşkəs bir taymat funksiyasını yerinə yetirir. Məsələni köklü həll etmək üçün mütləq şəkildə münaqişəni doğuran səbəb aradan qaldırılmalı, ona qiymət verilməli və münaqişə Rusiyanın şərtlərinə uyğun şəkildə nizama salınmalıdır. Münaqişədə Rusiya böyük itkilər verib və milyardlarla dollar sərf edib. Bu səbəbdən məsələni beynəlxalq hüquq çərçivəsində deyil, siyasi reallıqlara və güc balansına uyğun şəkildə həll etmək lazımdır. Dünya siyasəti yalnız hüquqla idarə olunmur; güc, maraq və reallıqlar əsas rol oynayır. Azərbaycan təcrübəsi də bunu göstərir. Nəticə olaraq, münaqişənin həlli üçün doğuran səbəb aradan qaldırılmalı, münaqişənin əsas şərtləri Rusiyanın maraqlarına uyğun şəkildə nəzərə alınmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az