Məmurun davranışı və əxlaqı dövlətin reputasiyası ilə əlaqəlidir- Partiya sədri

"Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən Azərbaycanda idarəetmə ilə bağlı ciddi mesajlar verdi. Çıxışın ən vacib bəndlərindən biri də əvvəlki neqativ hallara münasibət idi”.

Bunu “Yeni Sabah”a açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Azərbaycan Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində Naxçıvanda səlahiyyətli nümayəndənin və bir sıra rayon icra başçılarının qəbulu ilə bağlı çıxışını şərh edərkən deyib.

Prezidentin “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Qanunsuz tapşırıqlar verənlər bu gün məhkəmə qarşısında cavab verirlər” fikrini önə çəkən A. İsmayıl qeyd edib ki, bu yalnız keçmişə verilən qiymət deyil, həm də yeni idarəetmə modelinin manifestidir:

“Prezident “sağlamlaşdırma və təmizləmə siyasətinin” nəticələrini qeyd edərək, eyni zamanda xəbərdarlıq etdi ki, kimsə qanunsuz tapşırıq verərsə, dərhal mənə məlumat verin. Bu, Prezident–məmur münasibətlərində birbaşa hesabatlılıq mexanizminin tətbiqini, qanunsuz göstərişlərə nəzarətin şəxsən dövlət başçısı səviyyəsində olduğunu göstərir.

Partiya sədri bildirir ki, bu görüş sadəcə kadr dəyişikliyi aktı deyil, həm də dövlət idarəçiliyində etik, sosial və siyasi prinsiplərin yenilənmiş bir mərhələyə qədəm qoyduğunu təsdiqləyən hadisə idi. Prezidentin yeni rəhbərlərə müraciətində səslənən “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” ifadəsi, bir tərəfdən onlara olan güclü inamı əks etdirir, digər tərəfdən isə vəzifəyə bir xidmət fəlsəfəsi kimi yanaşmağın vacibliyini vurğulayır”.

Partiya sədri fikirlərini davam etdirərək, Prezidentin “İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” tələbinin dövlət idarəetməsinin əsas mahiyyətini müəyyənləşdirdiyini bildirib:

“Bu, sadəcə inzibati tələb deyil, dövlətlə məmur arasındakı münasibətlərin fundamental fəlsəfəsidir. Bu, Ulu Öndər Heydər Əliyevin “xalq dövlət üçündür, dövlət xalq üçündür” konsepsiyasının müasir kontekstdə tətbiqi kimi qiymətləndirir.

Prezidentin bu çağırışı həm də məmur-vətəndaş əlaqələrində şəffaflığın və etimadın yenidən qurulmasına yönəlmiş ciddi bir işarədir. İlham Əliyev bir daha aydın şəkildə ifadə etdi ki, rəhbər vəzifə təkcə səlahiyyət deyil, eyni zamanda böyük məsuliyyət və mənəvi nümunə tələb edir: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Özlərini hamıdan üstün tutan məmurlar həm öz nüfuzlarını, həm də dövlətin siyasətinə olan etimadı itirirlər.”

Bu sitat dövlətin əsas götürdüyü etik idarəçilik modelini təsvir edir. Məmurun davranışı və əxlaqı artıq şəxsi deyil, birbaşa dövlətin reputasiyası ilə əlaqəlidir.

Cənab Prezidentin “əyri yola gedən hər bir məmur qanun qarşısında cavab verəcək” mesajı illərdir aparılan korrupsiya ilə mübarizə siyasətinin davamlı və sarsılmaz olduğunu göstərir. Mesaj birmənalıdır: məmurlar var-dövləti ilə yox, vicdanı və əməyi ilə dəyərləndiriləcək.

“Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız” cümləsi yalnız yeni təyin olunan rəhbərlərə deyil, bütün dövlət aparatına ünvanlanmış əsas vətəndaşlıq dərsidir. Bu çıxış bir daha göstərdi ki, dövlət idarəçiliyində ən böyük ölçü vəzifə yox, xalqın rəğbətidir”.

AzNews.az