“Türkiyə-Ermənistan sərhədinin açılması regional inteqrasiyanı sürətləndirə bilər” - Rəşad Bayramov

“Türkiyə və Ermənistan arasında sərhədin açılması perspektivi regionda həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Bu addım, iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin canlanmasına şərait yaratmaqla yanaşı, Cənubi Qafqazda geosiyasi balansı da dəyişdirə bilər. İlk növbədə, bu proses Türkiyənin iqtisadi gücünün Ermənistana nüfuz etməsi baxımından əhəmiyyət kəsb edir. Digər tərəfdən, sərhədin açılması Qərb ölkələrinin maraqlarına da bilavasitə təsir göstərə bilər. ABŞ və Avropa İttifaqı regionda Rusiyanın iqtisadi təsirinin azalmasında və xüsusilə Ermənistanın Rusiyadan asılılığının minimuma endirilməsində maraqlıdır. Bu baxımdan, Türkiyə-Ermənistan sərhədinin açılması Qərbin strateji məqsədlərinə uyğundur. Həmçinin, bu təşəbbüs Avropa və ABŞ tərəfindən dəstəklənən regional inteqrasiya layihələri ilə uzlaşır, ticarət marşrutlarının genişlənməsinə, enerji və nəqliyyat sektorlarında yeni imkanların yaranmasına töhfə verə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələyə doğru addımlar atılır. Yayılan məlumatlara görə, 2026-cı ilin yanvar ayında Ermənistanla sərhəddə yerləşən Alican keçid məntəqəsinin açılması planlaşdırılır. Artıq hər iki tərəf bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Sentyabr ayında Ermənistanda keçirilən görüş zamanı iki ölkənin nümayəndələri sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası məsələlərini əsas müzakirə mövzularından biri kimi gündəmə gətiriblər.

Siyasi şərhçi qeyd edib ki, sərhədin açılması eyni zamanda Rusiya ilə Qərb arasındakı rəqabətə yeni dinamika gətirən əlavə bir amil kimi çıxış edir.

"Ermənistan uzun illər hərbi və iqtisadi baxımdan Rusiyaya bağlı olub, bu da onun xarici siyasət istiqamətlərini müəyyən edib. Türkiyə ilə münasibətlərin normallaşması və sərhədin açılması isə Ermənistanın Qərbə daha çox yaxınlaşmasına, Rusiyadan asılılığının bir qədər azalmasına səbəb ola bilər. Bu isə Rusiya üçün müəyyən strateji təzyiq yaradır, çünki Moskva üçün Cənubi Qafqazda təsir imkanlarını qorumaq prioritet məsələdir. Türkiyə üçün sərhədin açılması həm iqtisadi, həm də siyasi baxımdan önəm daşıyır. Bu, ixracatın və tranzit imkanlarının genişlənməsinə, regiondakı ticarət axınlarının Türkiyənin nəzarətində olan logistik dəhlizlər vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq. Bununla yanaşı, Ankara üçün regional liderlik mövqeyinin möhkəmlənməsi və beynəlxalq imicinin güclənməsi baxımından da strateji üstünlük təmin edir. Sərhədin açılması həmçinin regional sabitliyin və qarşılıqlı etimad mühitinin formalaşmasına təkan verəcək ki, bu da Qərb və beynəlxalq investorlar üçün müsbət siqnal hesab olunur. Nəticə etibarilə, Türkiyə və Ermənistan arasında sərhədin açılması təkcə ikitərəfli iqtisadi əlaqələrin bərpası kimi deyil, həm də Cənubi Qafqazda strateji geosiyasi balansın yenidən formalaşmasına, Qərb-Rusiya rəqabətinin yeni mərhələyə keçməsinə və regional inteqrasiyanın sürətlənməsinə təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu baxımdan, bu addım sadəcə diplomatik qərar deyil, həm də beynəlxalq siyasi-iqtisadi proseslərin tərkib hissəsidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az