- Siyasi müzakirə
- 17:17
- 1 316
“Bakı–Ankara–İslamabad üçbucağı Azərbaycanın geostrateji mövqeyini gücləndirir” - Pərvanə Vəliyeva
"Son illər Bakı, Ankara və İslamabad arasında formalaşan üçtərəfli əməkdaşlıq təkcə siyasi-iqtisadi tərəfdaşlıq deyil, həm də regional geostrateji platforma rolunu oynayır. Üçtərəfli bəyanatlar və hərbi parad nümunələri həm daxili legitimliyi gücləndirir, həm də xaricdə siyasi müttəfiqlik mesajı verir. Bu əməkdaşlıq Azərbaycanın təhlükəsizlik və müdafiə imkanlarını, tranzit-logistika və enerji bağlantılarını möhkəmləndirir və Bakının çoxvektorlu xarici siyasətini dəstəkləyir. Türkiyə ilə müdafiə-sənaye və hərbi təlim əlaqələri Azərbaycan ordusunu NATO standartlarına yaxınlaşdırmaq və əməliyyat qabiliyyətini artırmaqda həlledici rol oynayır. Pakistanla hərbi əməkdaşlıq — o cümlədən JF-17 tipli döyüş təyyarələrinin alınması — ölkənin hava və müdafiə gücünü möhkəmləndirir. Üç ölkə arasındakı sıx münasibətlər Azərbaycanın Qafqazda, türk dünyasında və İslam dünyasında daha geniş siyasi dəstək əldə etməsinə imkan yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, son illərdə Cənubi Qafqaz və qonşu regionlarda geosiyasi dinamika sürətlə dəyişir. Qlobal güclər arasında artan rəqabət və regional təhlükəsizlik çağırışları dövlətləri strateji ittifaqlar yaratmağa sövq edir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan “Bakı–Ankara–İslamabad” üçbucağı yalnız siyasi və iqtisadi əməkdaşlıq deyil, həm də geostrateji və hərbi-diplomatik birliyin yeni modeli kimi diqqət çəkir. Bu üçtərəfli əməkdaşlıq regionda sabitlik, təhlükəsizlik və strateji balansın qorunmasında mühüm rol oynaya bilər.
Deputat qeyd edib ki, əməkdaşlıq eyni zamanda yeni nəqliyyat şəbəkələri, enerji layihələri və ticarət marşrutları üçün siyasi zəmin yaradır, bu da Azərbaycanın tranzit rolunu və iqtisadi inkişaf strategiyasını gücləndirir.
"Türkiyə NATO üzvü olduğundan, Ankara vasitəsilə Bakı-NATO əlaqələrinin inkişafı üçün körpü rolunu davam etdirə bilər. Praktik səviyyədə Türkiyə ilə birgə təlimlər və texniki əməkdaşlıq Azərbaycan ordusunun NATO standartlarına yaxınlaşmasına yardım edir, bu isə Alyansla əməkdaşlığı asanlaşdırır. NATO ölkəsi kimi Azərbaycan Ermənistanla normallaşma prosesini dəstəkləyir. Ölkəmizə NATO heyəti yaxınlarda səfər edib və mühüm görüşlər keçirilib. Azərbaycan NATO-nun əməkdaşlıq alətlərindən uğurla istifadə edir və bu proqramlarda ən fəal iştirak edən ölkələrdən biridir. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin iştirak etdiyi proqramların siyahısını aparır. Bunlara Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı, Planlaşdırma və İcmal Prosesi, Əməliyyat Qabiliyyətləri Konsepsiyası, Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı və Təhlükəsizlik və Sülh Naminə Elm Proqramı daxildir. Beləliklə, Bakı Türkiyə vasitəsilə NATO ilə müdafiə texnologiyaları və təlim mübadiləsini, Pakistanla isə regional təhlükəsizlik və kəşfiyyat koordinasiyasını həyata keçirə bilir. Ümumilikdə bu əməkdaşlıq Azərbaycanın hərbi və müdafiə potensialını artırır və beynəlxalq hərbi alyanslarda nüfuzunu gücləndirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az