“ABŞ Zelenski hökumətində şəffaflığı təmin etməyə çalışır” - Tural İsmayılov

“ABŞ-ın Ukraynadakı korrupsiya qalmaqallarını ictimailəşdirməsi bir tərəfdən şəffaflığın təmin olunması və ictimai etimadın qorunması məqsədi daşıyır. Eyni zamanda bu addım Ukraynada idarəetmənin səmərəliliyini artırmaq və beynəlxalq dəstəyin davamlılığını təmin etmək üçün atılıb. Zelenski hökumətinə qarşı səslənən iddiaların açıq şəkildə müzakirəyə çıxarılması demokratik prinsiplərin işləkliyini göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı Artyom Dmitruk bildirib ki, ABŞ Ukraynada baş verən korrupsiya qalmaqallarını ictimailəşdirərək, Volodimir Zelenskini istefaya yönəltmək üçün zəmin yarada bilər. Dmitruk əlavə edib ki, Zelenskinin kiminlə əvəzlənəcəyi hələlik məlum deyil. Onun sözlərinə görə, prezident ölkə daxilində mövqelərini itirir və yaxın günlərdə Kiyevdə kadr dəyişiklikləri gözlənilir. "Ədliyyə naziri German Qaluşenkonun vəzifədən kənarlaşdırılması sadəcə kadr dəyişikliyi deyil. Bu, Zelenski sisteminin daxildən dağılmağa başladığının açıq siqnalıdır. Bu, indiyədək Zelenskiyə vurulan ən güclü zərbədir. Yaxın günlərdə yeni istefalar da mümkündür”, – deyə Dmitruk vurğulayıb. O iddia edib ki, Ukraynadakı siyasi proseslər mövcud hakimiyyətin tədricən dağılmasına səbəb ola bilər və ən real ssenari müvəqqəti hökumətin formalaşdırılmasıdır.

Siyasi şərhçi qeyd edib ki, korrupsiya məsələlərinin araşdırılması həm daxili islahatların dərinləşməsinə, həm də ölkənin beynəlxalq reputasiyasının möhkəmlənməsinə xidmət edir.

"Kadr dəyişiklikləri də bu prosesin tərkib hissəsi kimi qəbul edilməlidir. Ukrayna cəmiyyətində şəffaflıq və məsuliyyətlilik prinsiplərinin güclənməsi ölkənin demokratik inkişafına müsbət təsir göstərə bilər. ABŞ-ın bu istiqamətdəki yanaşması isə institusional islahatların dəstəklənməsini hədəfləyir. Əsas məsələ Ukraynanın daxili siyasi sabitliyini qoruyaraq cəmiyyətin hökumətə inamını saxlamaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməkdir. Uzunmüddətli perspektivdə bu proses ölkənin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az