- Siyasi müzakirə
- 19:19
- 1 854
“ABŞ Türkiyə ilə birlikdə olmadan Cənubi Qafqazda Rusiyanın təsirini azalda bilməz” - Abutalıb Səmədov
“İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə ABŞ, Türkiyənin Cənubi Qafqazda rolunun artmasına qısqanclıqla yanaşırdı. Hətta 10 noyabr sazişi imzalandıqdan sonra Rusiya Xarici İşlər Nazirinə ABŞ və Fransanın Xarici İşlər Nazirlərinin verdiyi sual belə idi: “Türkiyənin orada nə işi var?” Əlavə olaraq, onu da deyirdilər ki, ABŞ və Fransa Rusiya ilə yanaşı Minsk Qrupunun həmsədrləridir və Azərbaycanla Ermənistan arasında vasitəçi kimi Rusiyanın yanında Türkiyə yox, həmsədrlər olmalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, beynəlxalq siyasətdə güc balansının dəyişməsi Türkiyənin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada rolunu daha da önə çıxarır. ABŞ-ın keçmiş prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə köməkçisi Tomas Qremin sözlərinə görə, Vaşinqton Türkiyəni Cənubi Qafqazda mühüm müttəfiq hesab edir və onun regional fəallığına qarşı deyil. ABŞ burada daha fəal iştirak etmək istəyir, lakin Türkiyəyə tam güvənmir. Eyni zamanda, ABŞ Türkiyənin Mərkəzi Asiyada oynadığı rolu da müsbət qiymətləndirir. Bütün bunlar göstərir ki, Türk dünyasının yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, həm Türkiyənin, həm də Azərbaycanın artan regional çəkisi beynəlxalq güclərin diqqət mərkəzindədir.
Siyasi şərhçi qeyd edib ki, bütün narazılıqlara baxmayaraq, Türkiyənin Cənubi Qafqazdakı təsiri artıb və bu gün ölkə bölgənin əsas və nüfuzlu oyunçularından biridir.
"ABŞ bölgədə möhkəmlənmək və Rusiyanı həm Cənubi Qafqazdan, həm də Mərkəzi Asiyadan müəyyən qədər çıxartmaq istəyir. Türkiyənin fəal yardımı olmadan Rusiyanı Cənubi Qafqazdan çıxartmaq o qədər asan deyil. Çünki burada, çox təəssüf ki, Rusiyaya yaxınlaşma xəttini tutan Gürcüstan da var və Gürcüstana da ən çox təsiri olan dövlətlərin başında Türkiyə gəlir. Üstəlik, Ermənistan da Türkiyə ilə münasibətləri səhmana salmaq, normallaşdırmaq üçün əlindən gələni edir. Bu səbəbdən əgər ABŞ Cənubi Qafqazda möhkəmlənmək, Rusiyanı müəyyən qədər bölgədən çıxartmaq və onun çəkisini azaltmaq istəyirsə, təbii ki, Rusiyanın təsirini tamamilə aradan qaldırmaq yaxın zamanda mümkün olmayacaq. Ancaq mümkün qədər bu təsiri azaltmaq lazımdır və bunun üçün də ABŞ mütləq Türkiyə ilə birlikdə bu işi görməyə çalışmalıdır. Hansı forma seçiləcək? Mövcud əməkdaşlıq formalarından istifadə olunacaq, yoxsa yeni model axtarışına çıxılacaq? Bu, iki dövlətin mütəxəssislərinin araşdırıb ortaya qoyacağı təkliflərdən asılı olacaq. Ancaq bir şey aydındır ki, ABŞ Türkiyə ilə sıx əməkdaşlıq etmədən Cənubi Qafqazda möhkəmlənə və Rusiyanın burada təsirini azalda bilməyəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az