- Siyasi müzakirə
- 08:55
- 1 244
Azərbaycan nümayəndə heyəti ABŞ-də səfərdədir
Azərbaycan Milli Məclisinin deputatları – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayevin yer aldığı nümayəndə heyəti ABŞ-də səfərdədir.
"Report"un ABŞ bürosu xəbər verir ki, nümayəndə heyətinin səfər çərçivəsində ilk görüşü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş tutub.
Daha sonra heyət ABŞ-nin bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresinin üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.
Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust - Vaşinqton Sammitindən sonra Azərbaycan–ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda, 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.
Sonrakı günlərdə nümayəndə heyətinin ABŞ Dövlət Departamenti, ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin mərkəzlərinin nümayəndələri və Azərbaycan–ABŞ Ticarət Palatasında görüşlər keçirməsi nəzərdə tutulur.
Səfər 21 noyabr tarixinədək davam edəcək.
AzNews.az