- Siyasi müzakirə
- 21:20
- 995
“Gürcüstanın Rusiyaya yaxınlaşması Qərbin səhvlərinin nəticəsidir” - Abutalıb Səmədov
"Aktiv şəkildə Qərbə yaxınlaşmaq xəttini tutan Gürcüstan son dövrlərdə kəskin dəyişiklik edərək Rusiyaya yaxınlaşmaq istiqamətini seçdi. Avropa Birliyi və Qərb dövlətləri isə Gürcüstanla münasibətləri kifayət qədər soyutmaq və ölkəni Qərbdən uzaqlaşdırmaq xəttini tutdular. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu davranışın yanlış olduğunu çatdırmaq istəyir. Bizi dinləməyə çalışın, anlamağa çalışın və tənqidə açıq olun. Bununla parlament sədri demək istəyir ki, 2008-ci ildə Gürcüstanın torpaqlarının işğalından sonra təqribən 15 il müddətində Qərb bu ərazilərin geri qaytarılması üçün heç bir real addım ata bilmədi. Gürcüstan reallıqla barışıb, güclü tərəfə, yəni Rusiyaya yaxınlaşmaq xəttini seçdi. Burada təbiidir ki, Qərb də özünə tənqidi yanaşmağı bacarmalıdır. Eyni zamanda Ukraynada baş verən hadisələrdə də özünün buraxdığı səhvləri etiraf etməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginlik və güc balansındakı dəyişikliklər xüsusilə kiçik və orta dövlətlərin xarici siyasət seçimlərinə birbaşa təsir göstərir. Bu kontekstdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, “Həqiqətə hörmət və tənqidə açıq olmadan heç bir Avropa mövcud ola bilməz”. Spiker Avropa İttifaqını Gürcüstanla dialoqdan yayınmaqda ittiham edib. Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan insan haqlarına dair Gürcüstan-Aİ dialoqu iclasını təxirə salıb. Nazirliyə görə, tədbirin təxirə salınması Brüsselin Gürcüstanın mövqelərini dinləməyə hazır olmadığını göstərir.
Siyasi şərhçi qeyd edib ki, Papuaşvili bu xəttin — Rusiyaya yaxınlaşmaq xətti — Gürcüstanın strateji xarici siyasəti olmadığını, bunun yalnız mövcud geosiyasi reallıqların yaratdığı məcburi addım olduğunu bildirir.
"Ərazilər geri qaytarıldıqdan sonra Gürcüstan daha azad şəkildə xarici siyasət yürütmək imkanına malik olacaq. Yaxın illərdə təbii ki, Rusiya torpaqları geri qaytardıqdan sonra Gürcüstanın Qərbə yaxınlaşmaqdan başqa çarəsi qalmayacaq. Buna görə də Qərb Gürcüstanla münasibətləri müəyyən səviyyədə saxlamağa çalışmalıdır. Avropa Birliyi və digər dövlətlər anlamalıdırlar ki, Gürcüstanın bu xətti tutmasının əsas səbəbi onlardır, onların bu regiona vaxtında zəruri dəstəyi göstərməməsidir. Münasibətlərin düzəlməsində əsas məsuliyyət də Qərb tərəfinin üzərinə düşür. Qərb, Avropa Birliyi rəhbərləri, Gürcüstanın təzyiqləri artırmaq xəttini seçməməlidir, Gürcüstanla normal münasibətlər saxlamalıdır. Münasibətlərin düzəlməsi üçün zəruri addımları atmalıdır. Gürcüstan-Avropa İttifaqı dialoqu yalnız bu halda davam edə bilər və bu dialoqun davam etməsində ən azı Gürcüstan qədər Qərb də maraqlı olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az